Bakıda Fransa bayramında Azərbaycan tərəfdən çıxış edən olmayıb
İyulun 14-də Fransanın Azərbaycandakı Səfirliyi bu ölkənin milli bayramı - Bastiliyanın Alınması Günü ilə əlaqədar qəbul təşkil edib. Qəbulda Azərbaycan tərəfdən çıxış edən olmayıb.
Diplomatik ənənəyə uyğun olaraq, bu cür qəbullarda xarici dövlətin səfiri salamlama nitqi ilə və Azərbaycan hökumətinin yüksək vəzifəli nümayəndəsi isə təbrik nitqi ilə çıxış edir.
Amma bu dəfə Azərbaycan tərəfdən çıxış edən olmayıb.
Turan xəbər agentliyi bu barədə bir material dərc edərək yazır: Görünür, bu, Fransa siyasi elitasının Ermənistan və Azərbaycan arasında hələ də nizamlanmamış münaqişədə açıq-aşkar erməniyönlü mövqeyi ilə əlaqədar ikitərəfli münasibətlərdə yaşanan mürəkkəb dövrlə bağlıdır.
Fransa prezidenti Emmanuel Makronun Marseldə erməni icması ilə görüşdə "Fransanın Arsax məsələsində qətiyyətini" bildirməsi Bakıda xüsusilə qəzəbə səbəb olub.
"Mən (Azərbaycan prezidenti İlham) Əliyevə (Ermənistan baş naziri Nikol) Paşinyanın özündən daha çox təzyiq göstərmişəm və göstərəcəyəm. Mən Arsax məsələsi ilə bağlı dəqiq mövqeyi və mesajı olan yeganə insanam. Mənim Arsax və bütünlükdə Ermənistanla bağlı qətiyyətimdən şübhəniz olmasın. Beynəlxalq ailədə bu gündəliklə, demək olar ki, yeganə şəxs olsam belə, öz səylərimi davam etdirəcəyəm", deyən Fransa prezidenti bununla diplomatik qalmaqala səbəb olmuşdur.
Azərbaycan diplomatik kanallarla öz etirazını bildirsə də, Fransa tərəfi publik səviyyədə hələ də açıqlama verməyib.
Odur ki, Fransa Səfirliyinin qəbulunda Azərbaycan hökumətinin nümayəndələrinin iştirak etməməsi Bakının demarşı kimi qiymətləndirilə bilər.
Bununla belə, tədbirdə Milli Məclisin bir neçə deputatı görülüb, həmçinin Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva tədbirdə iştirak edib.
Fransanın Azərbaycandakı səfiri Ann Bayon (Anne Buillon) öz çıxışında deyib:
"Brüsseldə danışıqların növbəti sessiyası keçiriləcəyi bir vaxtda, Avropa Şurası sədrinin səylərinə dəstəyimizi bir daha bildirir və müzakirələrin məhsuldar olmasını arzulayıram".
Qeyd edək ki, siyasi münasibətlərdə gərginlik fonunda Fransanın Azərbaycandakı iqtisadi maraqları təmin olunmaqdadır.
Bu həftə Fransanın TotalEnergies şirkəti Azərbaycan Dövlət Neft Şirkəti ilə (SOCAR) birlikdə böyük "Abşeron" qaz-kondensat yatağının işlənməsinin ilk mərhələsi çərçivəsində qaz hasilatına başlandığını açıqlayıb.
2023-cü ilin birinci rübündə iki ölkə arasında ticarət dövriyyəsi 290 mln. dollardan çox olub və bu göstəriciyə görə Fransa Azərbaycanın əsas ticari tərəfdaşları arasındadır. Bu zaman Fransa idxalı 220 mln. dollardan çox, Azərbaycanın idxalı isə 70 mln. dollar təşkil edib.