Xaçatryanın saxlanılması ümumi fikri qane etmir
22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndinə silahlı basqında iştirak etmiş Vaqif Xaçatryanın dünən Laçın sərhəd-keçid məntəqəsində saxlanılması sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidməti bildirib ki, 29 iyul 2023-cü il tarixdə Vaqif Xaçatryan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
O 22 dekabr 1991-ci il tarixdə 1955-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Əsgəran rayonunun Badara kəndində doğulmaqla həmin kənddə yaşamış, Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləmiş Xaçatryan Vaqif Çerkezoviç erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndində yaşamış azərbaycanlıları bir milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə müxtəlif silahlardan, o cümlədən odlu silah və piyadaların döyüş maşınından istifadə etməklə həmin kəndə silahlı basqın edib 25 nəfər azərbaycanlı milliyyətindən olan şəxsi öldürmüş, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş, 358 nəfər azərbaycanlını isə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salmışdır.
Bundan başqa, Xaçatryan Vaqif Çerkəzoviç qabaqcadan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus əmlakları məhv etmək və zədələməklə ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurmuşdur.
Politoloq Asif Nərimanlı Axar.az-a müsahibəsində Xaçatryanın həbs edilməsini Xocalı qatillərinin ədalət qarşısına çıxarılması prosesinin başlanması hesab edib.
“Ötən ay erməni mediası iddia edirdi ki, Azərbaycanın əlində hazırda Qarabağda qalmış 500 erməni hərbçinin adının daxil edildiyi siyahı var. Siyahıda adı olanlar azərbaycanlılara qarşı soyqırımılarda iştirak edənlər, eləcə də 44 günlük müharibədə döyüşənlərdir. Siyahıya bir çox erməni general və komandir də daxildir. Bu şəxslər Laçın postundan keçmək istəsə, həbs olunacaqlar, Xaçatryan həbs olunduğu kimi.”,- Politoloq bildirib. Ancaq sosial şəbəkə istifadəçiləri politoloqun fikri ilə razılaşmır və cinayətkarların Laçın keçid məntəqəsindən keçəcəklərini gözləməyin rəsmi Bakı üçün başıaşağılıq gətirdiyini deyirlər.
Xaçatryanın saxlanılması birinci qarabağ müharibəsində yerli dinc sakinlərə qarşı cinayət törədən ermənilərin Xankəndidə olub olmaması, onların cinayət işinə nə formada cəlb ediləcəkləri barədə qızğın müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri Xaçatryanın təsadüfən Laçın keçidindən keçərkən saxlanılmasını kafi hesab etmir və ilk olaraq Qarabağdakı separatçı rejimin buraxılması və onun başçılarının cinayət işinə cəlb edilməsinə çağırırlar. Rəsmi bakının 44 günlük müharibədə qələbə çaldığını bildirməsinə rəğmən öz torpaqlarındakı separatçılar və cinayətkarları cəlb edə bilməməsi və onların nə vaxtsa Laçın keçidindən keçməsini gözləməsi ümumi fikri qane etmir.