Ağaəli Yəhyayevin bacısı: “Qardaşımın işgəncədən çiyni gömgöydür”
https://azeri.sahartv.ir/news/azərbaycan-i403339-ağaəli_yəhyayevin_bacısı_qardaşımın_işgəncədən_çiyni_gömgöydür
Müsəlman Birliyi Hərəkatının (MBH) İdarə Heyətinin üzvü, avqustun 31-də həbs olunan Ağaəli Yəhyayevin ailə üzvləri onun işgəncəyə məruz qaldığını deyir.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Sen 07, 2023 13:01 Asia/Baku
  • Ağaəli Yəhyayevin bacısı: “Qardaşımın işgəncədən çiyni gömgöydür”

Müsəlman Birliyi Hərəkatının (MBH) İdarə Heyətinin üzvü, avqustun 31-də həbs olunan Ağaəli Yəhyayevin ailə üzvləri onun işgəncəyə məruz qaldığını deyir.

Bu barədə məlumat verən bacısı Elnarə Paşayeva Meydan TV-yə bildirib ki, bir həftə keçməsinə baxmayaraq, hələ də qardaşının bədənində işgəncə izləri qalır.

Ağaəli Yəhyayevə qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, onun cibindən narkotik tapılıb.

Siyasi fəalın bacısı qeyd edib ki, qardaşı narkotik ittihamı ilə razılaşmadığından onun üzünə, başına yumruqla çoxsaylı zərbələr vurublar. “Çiyni indi də gömgöydür. Sağ əlinin baş barmağında hissiyyat yoxdur, tərpədə bilmir. Həmin o Ələkbər adlı polkovnik deyirmiş ki, əmr var, narkotiki boynuna götürməlisən, işin casusluğa qədər böyüyə bilər”, deyə Elnarə Paşayeva vurğulayıb.

Bu arada Yahyayev vəkilinə deyib ki, Abşeron Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçəndə hakimə işgəncə barədə məlumat verib və bədənindəki xəsarətləri göstərib.

Bununla əlaqədar vəkil Sumqayıt Apellyasiya Məhkəməsində Abşeron məhkəməsinin iclasının qeydlərinə baxılması və dinlənilməsi üçün vəsatət qaldırıb. Lakin hakim Rəşadət Ağayev qeydləri vəkilin iştirakı olmadan araşdırmaq qərarına gəlib və dinləmələri sentyabrın 7-nə təxirə salıb.

Müdafiə tərəfi apellyasiya şikayətində Yahyayevin həbsdən azad edilməsini və cinayət təqibinə xitam verilməsini xahiş edir.