İranın baş prokuroru Bakıdadır
Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün İran İslam Respublikasının Baş prokuroru Məhammad Kazım Müvahhidi Azad Azərbaycan Respublikasına işgüzar səfərə gədib.
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib ki, Azərbaycanlı həmkarının rəsmi dəvəti ilə Bakıya səfər edən İranın Baş prokuroru Məhammad Kazım Müvahhidi Azad bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ilə görüşündə hüquqi əməkdaşlıq sahəsində təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini, həmçinin Baş prokuror kimi ilk xarici səfərini Azərbaycana etməsindən məmnun olduğunu, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücumla bağlı cinayət işinin nəzarətində olduğunu, həmin işin məhkəməyə göndərildiyini və iş üzrə ədalətli qərar qəbul ediləcəyini bildirib.
Məlumatda deyilir: Bu gün Baş Prokurorluqda keçirilmiş görüş zamanı Azərbaycan və İran prokurorluqları arasında işgüzar əlaqələrin inkişaf etdirilməsinə yönələn tədbirlərin əhəmiyyətindən bəhs edən Azərbaycan Respublikasının Baş prokuroru ikitərəfli əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirməklə, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edən şəxsin mühakimə edilməsi ilə bağlı İran prokurorluq orqanlarının açıqlamasını bu istiqamətdə mühüm addım kimi qiymətləndirib.
Görüşdə iki ölkə arasında hüquqi əməkdaşlıq, o cümlədən ekstradisiya, məhkumların verilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi, ekoloji hüquqpozmalar və digər maraq kəsb edən mövzular müzakirə edilərək bu sahədə məlumat mübadiləsinin vacibliyi vurğulanıb, faydalı fikir mübadiləsi aparılıb, eləcə də beynəlxalq platformalarda, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın davam etdiriləcəyi bildirilib. Həmçinin İran İslam Respublikasında məhkum edilən Azərbaycan Respublikasının vətəndaşı Fərid Səfərlinin barəsində cinayət işi müzakirə olunub.
Görüşdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə və İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi iştirak edib.