Avropa Parlamenti Azərbaycandakı həbslər məsələsində ikili standartlarını davam etdirir
Qubad İbadoğlunun azadlığını tələb edən qətnamə qəbul olundu
Azərbaycan Respublikasında yüzlərlə inanclının həbsinə susqunluq nümayiş etdirən Qərb təşkilatı iqtisadçı ekspert Qubad İbadoğlunun dərhal və qeyd-şərtsiz azad olunmasına çağırıb və azərbaycanlı məmurlara qarşı sanksiya tələb edib.
Avropa Parlamentinin Azərbaycanda həbsdə olunan professor Qubad İbadoğlunun işi ilə bağlı qəbul etdiyi qətnamədə bildirilir ki, daha öncə Azərbaycanla bağlı qəbul etdiyi qətnamələri nəzərə alaraq iqtisadçı Qubad İbadoğlunun azad edilməsi vacibdir:
“O, iyulun 23-də zorakılıq tətbiq olunaraq qanunsuz şəkildə həbs olunub. Hazırda əsassız ittihamlarla həbsxanada saxlanılır, ailəsi və vəkilləri ilə əlaqə saxlamasına məhdudiyyətlər qoyulub, qeyri-insani rəftara məruz qalıb”.
Qətnamədə qeyd olunur ki, Qubad İbadoğlu korrupsiya, ictimai vəsaitlərin səmərəsiz istifadəsi, büdcə şəffaflığının olmaması ilə bağlı Azərbaycan hökumətinin tənqidçisi kimi tanınır. Bu səbəbdən onu qondarma ittihamlarla 12 ilə qədər azadlıqdan məhrum etmək istəyirlər. O, tibbi yardım tələb edən ciddi xəstəliklərdən əziyyət çəkir.
Qətnamədə müstəqil mötəbər təşkilatların məlumatına əsaslanaraq bildirilir ki, Azərbaycanda 200-dən çox siyasi məhbus var, bu siyahıya jurnalistlər, vətəndaş hüquqlarının müdafiəçiləri və müxalif siyasətçilər daxildir.
Sonda deputatlar Avropa Birliyini İnsan Haqları üzrə Qlobal Sanskiya Rejimi çərçivəsində Azərbaycanda insan hüquqlarını pozan azərbaycanlı məmurlara qarşı sanksiya tətbiq etməyə çağırıblar.
İyulun 24-də barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilən iqtisadçıya qarşı saxta pul hazırlama, dini-ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması ittihamları irəli sürülüb.
Avropa Parlamentinin sənədində dini inanclarına görə məhbəsə atılan yüzlərlə şiənin vəziyyətinə işarə belə olunmur.
Xatırladaq ki, İranla Azərbaycan Respublikası arasındakı münasibətlərdə yaranmış məlum problemdən sonra bir çox Allah bəndəsi saxta ittihamlarla, o cümlədən narkotik maddələrin satışı və ya dövlətə xəyanət maddələri ilə şərlənərək həbs olunub. Onlardan işgəncə altında ifadə alındığı barədə məlumatların ardı-arası kəsilmir. Buna baxmayaraq Qərb təşkilatları bircə dəfə olsun belə bu hallara münasibət bildirməmişlər.