Sen 22, 2023 16:03 Asia/Baku
  • Azərbaycanın qərb müttəfiqlərinin maskasız üzü

Dünən gecə saatlarında baş tutan BMT Təhlükəsizlik Şurasında Qarabağa həsr olunmuş iclas heç bir sənəd qəbul olunmadan yekunlaşıb.

İclasda bir neçə ölkə, xüsusən də Fransa, Almaniya, Malta və Afrikanın bir neçə ölkəsi Azərbaycan Respublikasına qarşı ittihamlar səsləndiriblər.

Birləşmiş Ərəb Əmirlikləri, Çin və Rusiya neytral mövqedən çıxış ediblər. Türkiyə Azərbaycanın mövqeyini dəstəkləyib.

Bu arada Almaniyanın mövqeyi diqqət çəkib. Həmişə Azərbaycan Respublikasında barəsində müsbət təbliğatların getdiyi və hətta vaxtı ilə Minsk qrupunun həmsədrləri arasında Fransa ilə əvəz edilməsi ideyasının dəstəkləndiyi Almaniya XİN rəhbəri Berbokun Azərbaycana qarşı hamıdan sərt fikirləri ilə yadda qalıb.

Albaniyanın sədrlik etdiyi iclasda Fransanın Xarici İşlər naziri Ketrin Kolonna Azərbaycanın Qarabağda həyata keçirdiyi hərbi əməliyyatı tənqid edərək mövcud vəziyyəti "təcavüz" adlandırıb.

Fransa BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycanı silahı yerə qoyan Qarabağ ermənilərinə amnistiya elan etməyə və regionda beynəlxalq mövcudluğa zəmanət verməyə çağırıb.

ABŞ nümayəndəsi ölkəsinin “Dağlıq Qarabağ”dakı vəziyyətdən ciddi narahat olduğunu deyib hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıb. Humanitar yardımın çatdırılmasından bir gün sonra Azərbaycanın hərbi əməliyyatlara başlamasını məyusedici adlandırıb. O ABŞ-ın Qarabağ erməniləri üçün 24 milyon dollar ayırdığını deyib.

İsveçrə nümayəndəsi Qarabağda gücdən istifadənin yolverilməz olduğunu deyib.

BQXK-nin humanitar yardım göstərmək üzrə öz öhdəliklərini yerinə yetirməli olduğunu vurğulayıb.

Britaniya XIN rəhbəri Ceyms Kleverli  “Biz Qarabağda erməni əhalinin təhlükəsizliyinə təminat veriləcəyinə ümid edirik. Laçın yolu açılmalıdır.” Deyib.

Rusiya Federasiyasının nümayəndəsi də 1000-dən çoxu uşaq olmaqla, 3000 mindən çox mülki şəxsin sülhməramlıların bazasına sığındığını deyib. Mövcud vəziyyətdən çıxmaq üçün yol xəritəsinin hazırlanmalı olduğunu vurğulayıb.

“Azərbaycan de-yure öz ərazisində hərbi əməliyyatlar həyata keçirib",-Rusiya nümayəndəsi deyib.

O əlavə edib ki, Rusiya Qarabağda rus sülhməramlıların ölümü ilə bağlı araşdırma aparan Bakının bəyanatını nəzərə alıb. Rusiya sülhməramlıları Dağlıq Qarabağda öz funksiyalarını vicdanla yerinə yetirməkdə davam edirlər.

BMT Təhlükəsizlik Şurasında Qarabağa həsr olunmuş iclasda daha sonra Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxış edib. Azərbaycanlı nazir rəsmi Bakının həyata keçirdiyi antiterror tədbirlərinin  mahiyyətini açıqlayıb.

İclas heç bir sənəd qəbul olunmadan başa çatıb.