Vətən uğrunda canını vermək kimlər üçün gülməlidir?
Polis serjantı Ramil Şirinovun dəfn mərasimi zamanı bir nəfərin gülməsi sosial şəbəkədə reaksiyalara səbəb olub.
Şəhidin dəfn mərasimi zamanı polislərin havaya güllə atmasından diksinib və daha sonra özünə hakim olmayıb "qəşş" edib gülən şəxs Qartal Tikinti Firmasının Direktoru, laçınlı tanınmış iş adamı, Şahin Məmmədovdur. Onun yanında dayanan şəxslər isə Sumqayıt Şəhər İcra Hakimiyyəti nümayəndələridir.
Bu görüntülər sosial şəbəkələrdə geniş mübahisələrə səbəb olub. İnsanlar Azərbaycan Respublikasında torpağı müdafiə üçün canını verməyin hakim zümrə üçün gülməli olduğunu deyirlər. Bəziləri bu görüntüləri Azərbaycanda xalq və hakiniyyət arasındakı böyük uçurumun nümunəsi hesab edir və yazırlar ki, Azərbaycanda iki təbəqə var: Torpağı öz qanı ilə qoruyan kasıblar və torpağı hər cür talayan məmurlar və varlılar. Bəzi istifadəçilər qeyri-qanuni yollarla iş adamına çevrilən əslində isə ləyaqətsiz məmur balaları yaxud yaxınları olan biznesmənlərin eləcə də onlarla bir yerdə duran məmurların əsl işğalçılar olduğunu deyirlər. İstifadəçilərdən biri belə yazır: “Torpağı erməni işğalından qurtarıb məmur işğalına buraxmaq əlbəttə ki, məmurlar və onların biznesmen yaxınları üçün "qəşş" edəcək qədər gülməlidir.
Xatırladaq ki, sözü gedən görüntülər sentyabrın 19-da erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması nəticəsində həlak olan polis əməkdaşı Ramil Şirinovun dəfn mərasimində qeydə alınıb.