Azərbaycanın mövqeyi necə olmalıdır?
Sosial şəbəkələrin Azərbaycan seqmentində qızğın mübahisələr gedir
Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS ilə işğalçı sionist İsrail arasında son toqquşmalarla bağlı sosial şəbəkələrin Azərbaycan seqmentində geniş mübahisələrə səbəb olub. Bəziləri İsraili müdafiə etsələr də, əksəriyyət məzlum və işğala məruz qalan Fələstinin haqlarını müdafiə edir və İsraili kəskin qınayır.
Müzakirə hətta Türkiyə sosial şəbəkələrinə, yutuberlərə və mediasına qədər uzanıb və İşğalçılara dəsətk verən bəzi azərbaycanlılarla türkiyəli sosial şəbəkə istifadəçiləri arasında ciddi qarşıdurmalar müşahidə olunur.
Maraqlıdır ki, fələstinlilərin müqavimətini dəstəkləyənlər Türkiyə dövləti, xalqı və xüsusən Ərdoğanın mövqeyinin əsas götürülməli olduğunu vurğulayırlar. Sionist İsrail rejiminə dəstək verənlər isə eyni zamanda Türkiyə və Ərdoğan tərəfdarı olanlardan ibarətdir. Beləliklə sionistlərin yanında yer alanların mövqelərində ciddi çaşbaşlıq əmələ gəlib.
Qəsbkar sionistləri dəstəkləyənlər İsrail rejiminin “hər zaman, bütün beynəlxalq platformalarda Azərbaycanın ədalətli mübarizəsinin yanında olduğunu, Azərbaycan üçün ABŞ və Fransada lobbiçilik etdiyini Azərbaycana müasir silahlarını satdığını” iddia edirlər. Qarşı tərəf isə bu iddiaların əsassız olduğu və bütün bunların rəsmi Bakının işğalçılarla əlaqələri genişləndirmək məqsədi ilə ümumi fikrə aşıladığı həqiqətdən uzaq iddialar olduğunu deyilər. Silah satışına gəldikdə isə, bunun biznes olduğunu deyir və Azərbaycan igidlərinin öz şücaəti, fədakarlığı və qanı bahasına əldə etdiyi qələbənin İsrail silahlaı hesabına yazılmasını ən böyük uydurma və xəyanət hesab edirlər.
Fələstinlilərə dəstək verənlər diqqəti bir həqiqətə çəkir o da Fələstin torpaqlarının işğal edilməsi faktıdır. Belə ki,1947-ci ilə qədər heç İsrail adında bir rejim olmamışdır. Onlar bunu Azərbaycan Respublikasındakı keçmiş Qarabağ rejimi ilə müqayisə edirlər. Bildirirlər ki, başqa xalqa məxsus olan ərazilərdə saxta rejim yaradaraq həmin ərazilərin sahiblərinə qarşı işğalçı siyasət yeridənləri heç bir Azərbaycanlı dəstəkləyə bilməz.
Sosial şəbəkələrdə işğalçı sionist rejim ilə fələstinlilər arasındakı son müharibə barədə aparılan müqayisələrdən biri də, Azərbaycanın Qarabağda separatçılara qarşı apardığı son müharibəsidir. Belə ki, Azərbaycanı haqlı mübarizəsində qaralayanlar indi eyni metodla fələstinliləri qaralayırlar. Qarabağın əsl sahibinin kim olduğu faktına kölgə salaraq, oradakı ermənilərin zorakılığa məruz qaldığını dünya səviyyəsində inandırmağa çalışanlar indi sionist rejimin fələstinlilərin torpaqlarını işğal etdiyinə heç toxunmadan fələstinlilərin öz torpaqlarının azadlığı uğrundakı mübarizəsini cinayətkarlıq və zorakılıq kimi təqdim edirlər.
Fələstinliləri dəstəkləyən azərbaycanlılar, eyni zamanda Türkiyənin rəsmi mövqeyinə diqqət çəkərək belə bir sualı gündəmə gətirirlər ki, iki dövlət bir millət şüarını verən rəsmi Bakı nəyə görə fələstin torpaqlarında gedən son qanlı hadisələrdə susqun mövqe tutub və öz müttəfiqinə qoşularaq sionist rejimin humanitar prinsiplərə, beynəlxalq qanunlara və hüquqa zidd hərəkətlərinə reaksiya vermir. Ermənistanın işğalçılığını və Qarabağdakı xunta rejiminin cinayətlərinin azərbaycanlılara qarşı törədilmiş soyqırımının pislənilməsini tələb edən rəsmi Bakı niyə İsrail rejiminin fələstinlilərə qarşı qətl və soyqırımı siyasətini qınamır, qəsbkar rejimi bu hüquqsuzluqdan geri çəkilməyə çağırmır?