Azərbaycan Ermənistan marşrutundan vaz keçir
Hikmət Hacıyev: Zəngəzur dəhlizi layihəsi artıq Bakı üçün cəlbedici deyil
Azərbaycan Respublikası prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi bildirib ki, Azərbaycan Süniki tutmaq fikrində deyil və Zəngəzurla bağlı ərazi iddiası yoxdur.
Hikmət Hacıyev "Politico" nəşrinə açıqlamasında deyib: “Azərbaycan və Ermənistan Zəngəzur dəhlizini açmaqla bağlı razılığa gələ bilmədiyinə görə, bu layihə Azərbaycan üçün cəlbediciliyini itirib, oxşar layihələri İranla da hazırlamaq olar”.
O qeyd edib ki, Naxçıvan Muxtar Respublikasına gediş-gəliş imkanlarını yaxşılaşdırmaq və yüklərin asan daşınması istiqamətində addımlar atılır. Bu məqsədlə İran İslam Respublikası ilə razılıq əldə olunub.
Prezidentin köməkçisi vurğulayıb ki, kommunikasiya Zəngəzur dəhlizi əvəzinə İran ərazisindən yaradıla bilər.
Xatırladaq ki, Baş nazirin müavini Şahin Mustafayev oktyabrın 6-da Zəngilanda jurnalistlərə açıqlamasında bildirib ki, Zəngilanın Ağbənd qəsəbəsi yaxınlığında və Naxçıvan ərazisində tikiləcək körpülər vasitəsilə İran ərazisindən keçməklə bağlantı yaradılacaq. Ş.Mustafayev qeyd edib ki, qarşılıqlı razılaşma əldə olunub, körpünün layihəsi hazırlanıb.