Bakı boyda problem var
Son günlər Azərbaycan Respublikasında paytaxtın köçürülməsi geniş müzakirə olunur. Buna səbəb, yeni dərs ili başlayandan ictimai nəqliyyatda hədsiz sıxlığın yaranması olsa da mütəxəssislər bunun üçün kifayət qədər səbəblərin olduğunu deyirlər.
Sputnik Azərbaycan Bakının artıq yaşamaq üçün əlverişsiz olması ilə bağlı ekspertlərin fikirlərini öyrənib
"Bakı və Abşeronun həddindən artıq yüklənməsinin səbəbi, bütün iqtisadi, elmi potensialın Bakı və Abşerona cəmlənməsidir”,- İqtisadçı ekspert Natiq Cəfərli belə qənaətdədir. N.Cəfərli deyib ki, paytaxt köçürülmədən də Bakının yükünün azaldılması mümkündür. O bunun üçün iğladan azad edilmiş ərazilərin potensialından düzgün istifadəyə çağırıb.
"İşğaldan azad edilmiş ərazilərdə elə konsepsiya yaratmaq lazımdır ki, mədəni və iqtisadi fürsətlər insanaların orada yaşamasına imkan versin, həmin ərazilərə böyük köç baş tutsun. Ən azı iki milyon əhalini azad olunmuş ərazilərə köçürə bilərik", deyə iqtisadçı bildirib.
İqtisadçı deyir ki, regionlardan əhalinin Bakıya axışmasının əsas səbəbi iqtisadi amillərdir.
"Ölkə əhalinin az qala yarısı Bakıda işləyir. Əgər rayonlarda iş yerləri açılarsa heç kəs öz evini qoyub gəlib Bakıda kirayə qalıb işləməz", - deyə Natiq Cəfərli bildirib.
Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev isə Sputnik Azərbaycan-a bildirib ki, əhalinin yaşam tərzinə görə Bakı ən uğursuz coğrafi məkandır. Mütəxəssis bildirir ki, Bakı coğrafi mövqeyinə görə yarımsəhra və quruçöldür. Onun sözlərinə görə, Bakı və Abşeronda hazırda qeyri-rəsmi rəqəmlərə görə, 5 milyon əhali yaşayır.
"Dünyanın elə bir dövləti yoxdur ki, onun əhalinisin 50-60 faizi paytaxtda yaşasın. Azərbaycan vaxtilə aqrar sənaye ölkəsi idi. Biz kənd təsərrüfatı strukturunu düzəldə bilsək, Bakı əhəmiyyətli dərəcədə dəyişəcək", - deyə Ə.Əliyev bildirib.
Nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev isə Bakıda ictimai nəqliyyatın tələbata cavab verməməsini deyir ona görə bu sahə düzələrsə Bakının köçürülməsinə ehtiyac qalmaz: “Paytaxtın köçürülməsinə sərf edilən pulu ictimai nəqliyyatın sayının artırılmasına, genişləndirilməsinə xərcləmək lazımdır. Bakıda metro şəbəkəsi genişləndirilərsə, paytaxtı köçürməyə lüzum qalmaz”,- R.Ağamirzəyev bildirib.
Urbanist Anar Əliyev isə bu fikirdədir ki, hazırda problemi yaradan amil, əhalinin həm iş, həm də təhsil üçün bir mərkəzə yönəlməsindədir. Bu alt mərkəzlər üzrə düzgün paylanılarsa sıxlığı aradan qaldırmaq mümkündür", - deyə urbanist bildirib.