Azərbaycan və Ermənistan niyə sülh sazişi imzalaya bilmir?
Elmar Məmmədyarov: Ermənistanın indiki konstitusiyası sülh müqaviləsini sarsıda bilər
Azərbaycan və Ermənistan arasında sülh danışıqları hələ ki, nəticə verməyib. Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Cam-Nyus portalı ilə müsahibədə bunun səbəblərini izah etmişdir.
2020-ci ildə baş verən ikinci Qarabağ müharibəsindən sonra tərəflər tez-tez razılığa yaxın golduqlarını bildiriblər, bu il martın 13-də hətta sülh müqaviləsinin mətninin tam razılaşdırıldığı elan edildi. Lakin bu yekun sənəd bu günə kimi imzalanmayıb.
İrəvandan gələn fikirlərə görə, bu prosesdə əsas maneə Bakının irəli sürdüyü şərtlərdir. Belə ki, Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalı, ATƏT-in Minsk Qrupu buraxılmalıdır.
Lakin Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov sülh sazişinin imzalanması prosesinin ləngiməsinin hüquqi, siyasi və beynəlxalq amillərlə bağlı olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq iddialar var ki, bu da gələcəkdə sülh müqaviləsinin hüquqi qüvvəsini sarsıda bilər.
Sabiq nazir həmçinin ATƏT-in Minsk Qrupu ilə bağlı maraqlı nüansları diqqətə çatdırıb. O qeyd edib ki, Ermənistan sözü gedən qrupun fəaliyyətini rəsmən dayandırmağa tələsmir. Bununla yanaşı ABŞ və Fransa Minsk Qrupunu Cənubi Qafqazda təsir aləti kimi saxlamaq istəyirlər.
Elmar Məmmədyarov əlavə edib ki, vasitəçilər heç vaxt bitərəf olmur, hər biri öz ölkəsinin maraqları naminə proseslərə təsir göstərməyə çalışır. Ona görə də birbaşa danışıqlar daha etibarlı modeldir.
Elmar Məmmədyarovun bildirdiyinə görə, danışıqların hazırkı mərhələsində tərəflər sənədi paraf edə bilərlər. Bununla belə, onun imzalanması tələsmədən yalnız hüquqi təminatlar təmin edildikdən sonra baş verməlidir və Azərbaycanın gözləntisi gələcəkdə bu sazişin etibarsız sayılmasının qarşısını almaqdır.