Dek 24, 2025 14:52 Asia/Baku
  •  Azərbaycan Rusiyadan üz döndərirmi, yoxsa Qərbi çaşdırır? - TƏHLİL

Son dövrlər bəzi politoloqlar və media platformaları Azərbaycan–Rusiya münasibətlərində guya “dərin böhran” yaşandığı barədə tezislər irəli sürürlər. Xüsusilə prezident İlham Əliyevin Sankt-Peterburqda keçirilən MDB zirvəsində iştirak etməməsi bu iddialar üçün əsas arqument kimi təqdim olunur. Lakin mövcud faktlar göstərir ki, bu yanaşma doğru deyil.

2022-ci ilin 22 fevralında imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə” sıradan diplomatik sənəd deyil. Bu sənəd iki ölkə arasında münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaldıran hüquqi və siyasi çərçivədir. Və belə sənədlər bir görüşün təxirə salınması ilə qüvvədən düşə bilməz.

Bütün ritorikaya baxmayaraq, Rusiya Azərbaycanın əsas tərəfdaşlarından biridir. Qeyri-neft sektoru üzrə ticarət dövriyyəsində Rusiyanın payı xüsusilə yüksəkdir. Kənd təsərrüfatı məhsulları, logistika, sənaye kooperasiyası və tranzit sahələrində qarşılıqlı asılılıq mövcuddur. Bundan əlavə, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar fonunda Azərbaycan alternativ logistika və maliyyə kanallarından biri kimi çıxış edir.

Digər tərəfdən Azərbaycanda fəaliyyət göstərən rusdilli məktəblərin və bölmələrin sayı postsovet məkanında unikal göstəricidir. On minlərlə şagird rus dilində təhsil alır, rus dili respublikada faktiki olaraq ikinci işlək dil statusunu qoruyur. Eyni zamanda, Rusiyada milyonlarla azərbaycanlının yaşaması faktorunu unutmaq olmaz.

Bu kontekstdə, Azərbaycanın zaman-zaman Rusiya ilə münasibətlərdə məsafəli ritorika nümayiş etdirməsi strateji kursun dəyişməsi deyil, diplomatik manevr kimi qəbul olunmalıdır. Azərbaycan rəhbərliyi yaxşı bilir ki, Qərb üçün Bakı situativ tərəfdaşdır, strateji müttəfiq deyil və Rusiya regiondan sıxışdırılarsa, bu boşluq avtomatik olaraq Azərbaycanın xeyrinə işləməyəcək. Əksinə, bu halda Ermənistanın Qərb tərəfindən daha açıq şəkildə himayə olunması və Azərbaycan üzərində təzyiq mexanizmlərinin gücləndirilməsi ehtimalı artır.

Rusiya da Azərbaycandakı mövcud hakimiyyətin dəyişməsində maraqlı deyil. Çünki alternativ ssenarilər Moskva üçün idarəolunmaz risklər yarada bilər.

AZAL-la bağlı yaranmış problemə gəlincə, bu texniki və hüquqi müstəvidə həll edilə biləcək məsələdir. İstisna deyil ki, bu prosesin kontrollu şəkildə uzadılması Qərbi çaşdırmaq, Bakının guya “kurs dəyişdiyi” təəssüratını yaratmaq məqsədi daşısın. Azərbaycan və Rusiya bir-birinə lazımdır. Azərbaycan bundan sonra da Rusiyanın Cənubi Qafqazda əsas və bir nömrəli tərəfdaşı olaraq qalacaq.