Moskva Bakı ilə İrəvan arasındakı sövdələşməni nəzarətdə saxlayır
Yanacaq razılaşması Kremllə razılaşdırılıb - TAHLİL
Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycandan yanacaq idxalı ilə bağlı qərarı təkcə ikitərəfli iqtisadi addım deyil, eyni zamanda Rusiyanın həlledici rolunun etirafıdır.
Mövcud faktlara əsasən, bu proses Moskva ilə razılaşdırılıb və Paşinyan Sankt-Peterburqa səfəri zamanı Rusiya prezidenti Vladimir Putinə müvafiq hesabat təqdim edib. Bu fakt göstərir ki, yeni ticarət mexanizmi formal olaraq Bakı–İrəvan xətti üzərindən qurulsa da, strateji nəzarət və koordinasiya Rusiyanın əlindədir.
Əslində bu vəziyyət nə İrəvanda, nə də Bakıda ciddi narazılıq doğurur. Bunun əsas səbəbi regiondakı real güc balansının və kommunikasiya xətlərinin kim tərəfindən idarə olunduğunun hər iki paytaxtda yaxşı anlaşılmasıdır. Xüsusilə Ermənistan dəmir yollarının Rusiyanın nəzarətində işləməsi bu əməkdaşlığın texniki və siyasi cəhətdən Moskvasız mümkün olmadığını açıq şəkildə ortaya qoyur.
Yanacaq kimi strateji məhsulun ticarəti isə daha geniş mənzərənin bir hissəsidir. Azərbaycan üçün bu, regionda iqtisadi təsirin genişlənməsi və sabitliyin möhkəmlənməsi deməkdir. Ermənistan üçün isə enerji təhlükəsizliyi, alternativ marşrutlar və blokada psixologiyasından çıxış imkanları yaradır. Rusiya isə bu prosesdə əsas koordinator rolunu özündə saxlamaqla regional nəzarət mexanizmini qoruyur.
Qeyd edək ki, Qərbin tez-tez təklif etdiyi formatlar region ölkələri arasında etimadı gücləndirmək əvəzinə, əlavə şübhələr və gərginlik yaradır.
Beləliklə də, Paşinyanın Azərbaycandan yanacaq idxalı ilə bağlı addımı sadəcə iqtisadi qərar deyil, Cənubi Qafqazda yeni tip regional əməkdaşlığın göstəricisidir. Bu əməkdaşlıq region ölkələrinin razılaşması əsasında formalaşır. Məhz bu yanaşma uzunmüddətli sabitlik və etimad mühitinin qurulması üçün daha real və dayanıqlı yol kimi görünür.