YAP AKP-yə sərt mesaj verdi:
“Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir”
Yeni Azərbaycan Partiyası (YAP) Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın baş müşaviri Oktay Saralın və hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatların Azərbaycanla bağlı açıqlamalarına cavab verib. Partiya Azərbaycan əleyhinə qərəzli məlumatların yayılmasına etiraz edərək, AKP-ni Azərbaycanın suverenliyinə, konstitusion quruluşuna və daxili işlərinə hörmətlə yanaşmağa çağırıb.
Hakim Yeni Azərbaycan Partiyası (YAP) bəyan edib ki, uzun müddətdir Türkiyənin bir sıra media orqanlarında və sosial şəbəkə platformalarında, o cümlədən AKP iqtidarına yaxınlığı ilə tanınan informasiya resurslarında Azərbaycan haqqında həqiqətə uyğun olmayan, qərəzli və böhtan xarakterli məlumatlar yayılır.Partiyanın açıqlamasında bildirilib ki, Azərbaycan və Türkiyə xalqlarını birləşdirən tarixi qardaşlıq bağlarını nəzərə alaraq, indiyədək bu cür hallara münasibətdə təmkin nümayiş etdirilib. Lakin son dövrlərdə Azərbaycana qarşı informasiya kampaniyasının daha sistemli və aqressiv xarakter alması, Türkiyə prezidentinin baş müşavirinin və hakim partiyanın deputatlarının da bu müzakirələrə qoşulması açıq mövqe bildirməyi zəruri edib.Bəyanatda həmçinin iddia olunub ki, Azərbaycan İsraillə beynəlxalq hüquq normalarına və qarşılıqlı maraqlara əsaslanan dövlətlərarası münasibətlərə malikdir. Bəyanatda vurğulanıb ki, heç bir dövlətin digər müsəlman xalqlarına öz iradəsini diktə etmək və onların daxili işlərinə müdaxilə etmək hüququ yoxdur.YAP Türkiyə prezidentinin baş müşaviri Oktay Saralın və AKP-dən olan deputatların Azərbaycanın konstitusion quruluşunu və dini etiqad azadlığının hüquqi əsaslarını nəzərə almadan açıqlamalar verməsini təəssüflə qarşılayıb.Bəyanatda qeyd olunub ki, Azərbaycanda dini etiqad azadlığı Konstitusiya ilə təmin edilir, bütün dinlərin nümayəndələrinə bərabər münasibət göstərilir və dini müxtəliflik cəmiyyətin zənginliyi hesab olunur.Açıqlamada vurğulanıb ki, hicab məsələsindən Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə olunması yolverilməzdir. YAP AKP iqtidarını belə yanaşmalardan çəkinməyə çağırıb.YAP Azərbaycan prezidenti İlham Əliyevə qarşı ayrı-ayrı informasiya resurslarında səsləndirilən təhqir, böhtan və iftira xarakterli fikirlərin Azərbaycan ictimaiyyətində narazılıq doğurduğunu da bəyan edib.Partiya hesab edir ki, AKP təmsilçiləri, xüsusilə yüksək dövlət vəzifələri tutan şəxslər açıqlamalarında siyasi məsuliyyət nümayiş etdirməli, Azərbaycanın suverenliyinə, konstitusion quruluşuna və daxili işlərinə hörmətlə yanaşmalıdırlar.