Davudoğlu Avropa Birliyinə müraciət etdi
Türkiyə baş naziri miqrant böhranı ilə mübarizə sahəsində Türkiyəyə kömək üçün Avropa Birliyi tərəfindən müəyyən addımların atılmasını istəyib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Əhməd Davudoğlu Davos iclasında və Almaniya kansleri Angella Merkellə müzakirəsindən bir gün öncə bildirib ki, miqrant böhranı ilə mübarizə sahəsində Türkiyə hökumətinin problemi maliyyə yardımları ilə əlaqədar deyildir. Türkiyə həmrəylik və müştərək müqəddəratın hiss olunmasını istəyir.
Miqrant problemi ilə mübarizə üçün Türkiyənin Avropa Birliyinə müraciəti ilə yanaşı qeyd edək ki, bu birliyin rəsmiləri Türkiyənin Egey dənizindən keçən miqrantların sayının məhdudlaşdırılması üçün yetərincə addım atmadığını və bunun noyabr ayı anlaşmasına zidd olduğunu deyirlər.
Avropa Birliyi və Türkiyə 2015-ci il noyabr ayında miqrantların axınına nəzarət etmək üçün anlaşma imzalayıblar.
Bu anlaşmaya əsasən Türkiyə hökuməti 3 milyard avro almaq qarşılığında insan qaçaqçıları iliə mübarizə və öz sərhədlərinə daha yaxşı nəzarət etmək istiqamətində Avropa Birliyi ilə əməkdaşlıq etmək üzrə öhdəlik götürüb.
Hazırda 2 milyondan çox Suriya vətəndaşı Türkiyəyə sığınıb. Bu da dünyada ən çox miqrant hesab olunur.