Avropada miqrantlar əleyhinə kütləvi etirazlar keçirilir
-
Avropada miqrantlar əleyhinə kütləvi etirazlar keçirilir
İfratçı qruplaşma olan Pegida-nın tərəfdarları olanlar Avropanın müxtəlif şəhərlərində miqrantlar əleyhinə aksiyalar keçiriblər.
Fransa xəbər agentliyinin verdiyi məlumata görə, minlərlə ifratçı və anti-İslam Pegida cərəyanının tərəfdarları şənbə günü Almaniyanın Drezden, Çex Respublikasının Praqa, Hollandiyanın Amsterdam, İrlandiyanın Dublin, Slovakiyanın Bratislava, Polşanın Varşava, Avstriyanın Qrats, Fransanın Mon Pelye və İngiltərənin Birminqam şəhərlərində mühacirlər əleyhinə aksiyalar keçiriblər.
Həmçinin, Hollandiyanın Amsterdam şəhərində miqrantları himayə edənlərlə ifratçı Pegida-nın tərəfdarları arasında toqquşma baş verib. Polis gözyaşardıcı qazlardan istifadə edərək, onları dağılışmağa məcbur etmək istəyib.
Bu toqquşma ilə əlaqədar onlarla nəfər həbs edilib.
İngiltərənin Birminqam şəhərində də Pegida-nın tərəfdarları ilə bir vaxtda, mühacirlərin hüquqlarını müdafiə edən onlarla nəfər də aksiya keçirib.
Pegida 2014-cü ildə Qərbdə İslam dini əleyhinə mübarizə aparmaq bəhanəsi ilə Almaniyanın Derzden şəhərində yaradılıb. Bu ifratçı millətçi cərəyan dəfələrlə mühacirlər və müsəlmanlar əleyhinə nifrət doğuran aksiyalar keçirib, təbliğatlar aparıb.