Fransa ABŞ səfirliyinin işğal olunmuş Qüdsə nəqli haqda xəbərdarlıq edib
Fransa xarici işlər naziri ABŞ-ın yeni seçilmiş prezidentinin bu ölkə səfirliyinin işğal olunmuş Qüdsə nəqlinə dair təklifini təhrikedici adlandırıb.
Fransanın Le Fiqaro qəzetinin internet portalının yazdığına görə, Fransa xarici işlər naziri Jan Mark Ayrault bazar günü deyib: ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp birtərəfli mövqelər sərgiləmək yerinə, sülhün bərqərar olunması şəraitinin yaradılmasında iştirak etmək ardınca olmalıdır.
Fransa xarici işlər naziri bildirib: Tramp Amerika səfirliyinin işğal olunmuş Qüdsə nəql etməyə qadir olmayacaq. Çünki bu hərəkətin ciddi mənfi nəticələri olacaqdır.
Fransa xarici işlər naziri deyib: Amerika səfirliyinin işğal olunmuş Qüdsə nəql edilməsi ilk dəfə deyil ki, Amerika prezidentinin gündəminə salınır. Lakin Amerika prezidentlərindən heç biri belə bir qərarı reallaşdıra bilməyib.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp öz seçki kampaniyasında bu ölkə səfirliyinin Təl-Əvivdən işğal olunmuş Qüdsə nəql edilməsini vəd edib. Bu məsələ isə Fələstin və beynəlxalq tərəflərin ciddi reaksiyası ilə üzləşib.