Trampın anti-miqrant fərmanına qarşı etirazlar davam edir
ABŞ Dövlət Departamentinin işçiləri prezident Donald Trampın əcnəbi vətəndaşların Amerikaya girişinə qoyduğu qadağaya etiraz ediblər.
İRNA-nın verdiyi məlumata görə, ABŞ Dövlət Depratamentinin işçilərindən bir qrupu dünən müvəqqəti dövlət katibinə və departamentin digər yüksək səviyyəli rəsmilərinə yazılı müraciət ünvanlayaraq ABŞ prezidentinin bəzi ölkələrin vətəndaşlarının Amerikaya daxil olmalarına məhdudiyyətlər tətbiq etməsinə öz etirazlarını bildiriblər.
Məktubda deyilir: ABŞ prezidentinin siyasətləri Amerikanın digər ölkələrlə əlaqələrinə zərbə vuracaq, anti-Amerika hisslərinin güclənməsinə gətirib çıxaracaq.
ABŞ konqresində demokrat azlığı da Donald Trampın 7 ölkənin vətəndaşlarının Amerikaya daxil olmalarına məhdudiyyət tətbiq edən fərmanına qarşı müəyyən qanun layihələri hazırlayırlar.
ABŞ konqresinin nümayəndələr palatası da Trampın anti-miqrant fərmanına qarşı çıxdığını bildirib, miqrantların qəbul edilməsi üçün bir layihə hazırlayıb.
Vaşinqtonun Ali Məhkəməsi qarşısında Trampın anti-miqrant fərmanına qarşı etirazlar dünən də davam edib, etiraz aksiyasına ABŞ konqresinin bir sıra demokrat üzvləri də qatılıblar.