Pakistan rəsmiləri Lahurda törədilən partlayışı qınadılar
Pakistan prezidenti Məmnun Hüseyn, baş nazir Nəvaz Şərif və siyasi - dini partiyalar Pəncab əyalətinin mərkəzi olan Lahurda törədilən partlayışı qınayıblar.
Dünən Lahurda baş vermiş partlayışda ondan artıq insan həyatını itirib, yüzə yaxın insan isə yaralanıb. Pəncab əyalətinin yol polisinin rəis müavini və Lahur şəhərinin polis rəisi bu hadisədə həyatını itirənlərdəndirlər.
İŞİD terror qruplaşmasına bağlı Əl-Əhrar Camaatı adlı qruplaşma bu partlayışın məsuliyyətini öz üzərinə götürüb.
Pakistan prezidenti və baş naziri hadisə qurbanlarının ailələrinə baş sağlığı verməklə yanaşı, ordu qüvvələrinin terrorçu qruplaşmalara qarşı mübarizəni davam etdirəcəyini bildiriblər.
Siyasi partiyalar da Lahurda törədilən bu terror aktını pisləyərək, bildiriblər ki, hökumət terrorçulara qarşı mübarizədə ciddi olsaydı, bu gün Pakistan bu kimi hadisələrin şahidi olmazdı.