Avropa Komissiyası: Myanma müsəlmanlarına qarşı zorakılıq tükürpədicidir
Avropa Komissiyasının rəhbəri Myanma müsəlmanlarına qarşı zorakılığı pisləyib və onu tükürpədici faciə adlandırıb.
Fransa İnformasiya Agentliyinin məlumatına görə, Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker cümə axşamı günü Euronews televiziyasına verdiyi müsahibədə bildirib: Myanmada baş verən hadisələr tükürpədici faciədir. Çünki bir daha bir etnosun tamamilə məhv edilməsinə səy göstərilir.
Avropa Parlamenti Myanma hərbi və təhlükəsizlik qüvvələrindən rohinca müsəlmanlarının qətlə yetirilməsi və onlara təcavüzün dərhal dayandırılmasını istəyib.
Myanma ordusun Raxin əyalətində rohinca müsəlmanlarına hücumları nəticəsində minlərlə nəfər həlak olub və yaralanıb.
BMT-nin Uşaq Fondu YUNİSEF cümə axşamı günü bir bəyanatda bildirib: Myanma ordusu və radikal buddistlərin Raxin əyalətində rohinca müsəlmanlarına qarşı başladıqları son hücumlar nəticəsində 400 mindən çox müsəlman Banqladeşə qaçıb.