Dünya Trampa qarşı
Fələstin diyarı yeni intifazənin 5-ci günündə də sionist rejim hərbçiləri ilə fələstinlilər arasında toqquşmaların şahididir. İndiyə kimi bu toqquşmalarda 5 fələstinli şəhid olub, mindən çox insan isə yaralanıb.
Ərəb Liqasının Xarici İşlər Nazirləri Şurasının Qahirədə keçirilən fövqəladə iclasının sonunda isə Amerikadan öz səfirliyini Təl-Əvivdən Beytül-Müqəddəsə köçürmək fikrindən daşınması istənilib. Bu arada sionist rejimin baş naziri Benyamin Netanyahunun Parisə səfəri Fransada etirazlara səbəb olub. İndoneziyadan tutmuş Kanadaya kimi bir çox ölkədə ABŞ səfirlikləri qarşısında aksiyalar təşkil edən insanlar Trampın Qüdslə bağlı qərarına etiraz edirlər.
Qüds...Dünyanın bir nömrəli məsələsi... Trampın ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi ilə bağlı qərarı dünyanı ayağa qaldırıb.
Qərb Sahili və Qəzzə Zolağında artıq bir neçə gündür ki, etiraz aksiyaları təşkil edən fələstinlilər ilə tam hazır vəziyyətə gətirilmiş İsrail ordusu arasında toqquşmalar da davam edir. İndiyə kimi bu toqquşmalarda bir neçə fələstinli şəhid olub, yüzlərlə nəfər də yaralanıb. Analitiklərin dediklərinə görə, bu toqquşmalar qarşıdan gələn günlər ərzində daha da artacaq.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bu barədə deyir: “Bu toqquşmalar heç şübhəsiz silahlı mübarizəyə qədər uzanacaq. Mənim proqnozlarıma görə, qarşıdurmalar “daş”la məhdudlaşmayacaq. Fələstinlilər artıq “daş”ın yetərsiz olduğu qənaətinə gələcəklər. Çox güman ki, Qərb Sahilində, hətta, digər məkanlarda, Fələstindən kənarda belə amerikalılar və israillilərə qarşı müəyyən addımların atılacağıın düşünürəm. Trampın bu addımı həqiqətən çox təhlükəli bir hərəkət idi və İslam dünyası heç cür sakitləşməyəcək.”
Trampın ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi ilə bağlı addımı hətta, Fələstini Özünüidarə Hökumətinin başçılarını da reaksiya verməyə məcbur edib. Onlar Trampın bir dəllal olduğuna işarə edərək, Qüdsdə sionistlər üçün yeni qəsəbələrin salınmasına sərmayə qoyacağını da istisna etmirlər.
Fələstin Özünüidarə Hökumətinin rəsmilərindən olan Saib Əriqat deyir: “Tramp Qüds məsələsini əsas mövzu olaraq nəzərə alıb və onun taleyi ilə bağlı birtərəfli qaydada qərar qəbul edib. Əgər Tramp qarşıdan gələn günlər ərzində sionist qəsəbələrin salınmasında iştirak etmək istədiyini elan edərsə, bu heç də gözlənilməz olmayacaq. Tramp həmçinin, münaqişənin müzakirə yolu ilə həllini də birdəfəlik olaraq dalana sürüklədi. ”
Amma, Qahirədə 22 Ərəb ölkəsinin xarici işlər nazirləri Qüdslə bağlı fövqəladə iclasın sonunda bir bəyanat qəbul edərək, Amerikadan öz səfirliyini Qüdsə köçürməməsini istəyiblər.
Ərəb Liqasının baş katibi Əhməd Əbülqeyz xarici işlər nazirlərinin yekun bəyanatını qiraət edərək, deyib: “Trampın işğal altında olan Qüds şəhərini İsrailin paytaxtı elan etməsi ABŞ hökumətini Ərəb ölkələrində təcrid etmiş olub. Bütün ölkələrdən Trampın bu qərarını pisləmələrini istəyirik. Bu qərar insafsız və ədalətsizdir. Bütün dünya ölkələrindən Fələstini müstəqil ölkə və Qüdsü onun paytaxtı olaraq tanımasını istəyirik.”
Trampın Qüdslə bağlı qərarı sadəcə İslam ölkələri deyil, bir çox ölkələrdə insanların ayağa qalxmasına səbəb olub. Torontodan tutmuş Cakartaya kimi dünyanın azadə insanları küçələrə axışıblar. Əllərində fələstin bayrağı daşıyan insanlar Qüdsün azad edilməsini tələb ediblər. Tramp bəlkə də Qüdslə bağlı qərarını açıqladığı zaman bütün dünyanın ona qarşı ayağa qalxacağını təsəvvür etmirdi.