May 29, 2020 16:52 Asia/Baku
  • Aİ: Ərazi bütövlüyü prinsipi Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlərin əsasını təşkil edir

Ötən gün Avropa İttifaqının vitse-prezidenti Jozef Borell BMT Təhlükəsizlik Şurasının Estoniya sədrliyi tərəfindən təşkil olunan yüksək səviyyəli konfransda çıxış edib.

SəhərAzəri "Report"-a istinadla xəbər verir, Çıxışında J.Borell hazırda dünyanın COVID-19 pandemiyası ilə üzləşdiyi bir vaxtda qlobal təhdidlərlə mübarizə aparmaq üçün dünya ölkələrinin birgə fəaliyyət planına ehtiyac duyulduğunu qeyd edib, qaydalara əsaslanan dünya düzəninin daha da gücləndirilməsi və beləliklə də, BMT-nin rolunun artmasından bəhs edib.

Dünyada sülh və təhlükəsizlikdən, eləcə də həll olunmamış münaqişələrdən danışan ali nümayəndə Aİ-nin BMT-nin etibarlı tərəfdaşı olduğunu deyib. J.Borell Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlərə toxunaraq suverenlik və ərazi bütövlüyünün Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlərinin əsas elementi olaraq qalacağını vurğulayıb. O söyləyib ki, birgə, daha təhlükəsiz və əməkdaşlıq edən Avropa qitəsindən danışarkən Helsinkidə əks olunan prinsipləri unutmaq olmaz. 

Beləliklə də, ali nümayəndə Helsinki Yekun Aktında əks olunan suverenlik və ərazi bütövlüyü prinsiplərinin Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlərinin əsasını təşkil etdiyini vurğulayıb.

Qeyd edək ki, ilk dəfədir ki, Aİ rəsmisi BMT-nin Təhlükəsizlik Şurası kimi ali platformada Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlərinin əsasını təşkil edən beynəlxalq hüquq prinsiplərindən bəhs edir. Ən əsası isə odur ki, bu prinsiplərin, məhz ATƏT-in 1957-ci il Helsinki Yekun Aktında əks olunmuş suverenlik və ərazi bütövlüyü olduğu konkret şəkildə vurğulanır.

Bundan bir müddət öncə Avropa İttifaqı Şurasının 11 may 2020-ci il tarixli yekun qərarında da Şərq Tərəfdaşlığı məkanının fəaliyyətinin əsaslarını müəyyən edən ortaq öhdəliklər sırasında Helsinki Yekun Aktı və ATƏT-in Paris Xartiyasında əks olunduğu kimi, ərazi bütövlüyü, müstəqillik və suverenlik daxil olmaqla beynəlxalq nizama əsaslanan qaydalar təsbit olunmuşdu. İndi isə Aİ-nin vitse-prezidenti öz çıxışında bu prinsipləri növbəti dəfə səsləndirdi.

Beləliklə də, bu artıq Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlərinə dair formalaşmış siyasi mövqeyindən gedir və bu mövqe beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT-nin Təhlükəsizlik Şurası kimi dünyada sülh və təhlükəsizliyin qorunub saxlanılmasına məsul olan ali platformada səsləndirilir.

 

Teqlər

Şərhlər