Sen 13, 2020 16:00 Asia/Baku
  • Koronavirus pandemiyasında ikinci dalğa başlandı

Avstriya kansleri Sebastian Kurts hazırda koronavirusa yoluxma ilə bağlı artımı pandemiyanın ikinci dalğasının başlanğıcı kimi dəyərləndirib.

Səhər Azəri bildirir ki, Sebastian Kurts bu barədə bu gün Avstriya Mətbuat Agentliyinin sorğusuna cavab olaraq söyləyib.

Kurts qeyd edib ki, ötən günlərdə Avstriyada koronavirusa yoluxma halları kəskin şəkildə artıb. Avqust ayının əvvəlində gündəlik yoluxma hallarının sayı 100-dən aşağı olduğu halda, iki həftə əvvəl bu göstərici 350-yə qalxıb və hazırda 1000 nəfərə çatıb.

Avstriyada koronavirusa yoluxma halları əsasən paytaxt Vyanada, eləcə də Aşağı Avstriya və Tirol federal əyalətlərində qeydə alınır. Gündəlik yoluxma hallarının təxminən yarısı Vyana şəhərinin payına düşür və artıq İsveçrə Vyananı riskli regionlar siyahısına daxil edib, Almaniyanın da yaxın günlərdə eyni addım atacağı gözlənilir.

Bununla bağlı, Avstriya hökuməti sentyabrın 14-dən bir sıra məhdudiyyətlər tətbiq edəcək, belə ki, ölkə üzrə bütün ictimai qapalı məkanlarda maskadan istifadə məcburi olacaq, kütləvi tədbirlərdə iştirakçı sayı azaldılacaq.

Teqlər