Neftin qiyməti son 13 ayda maksimuma çatıb
Neftin qiyməti, təxminən, son 13 ayda ən yüksək səviyyəyə qalxıb
SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti bir barel üçün 63,63 ABŞ dolları (+1,92%) təşkil edib. Eyni zamanda, sessiyanın ən yüksək qiyməti 63,76 dollar/barel olub ki, bu da 2020-ci il yanvarın 22-dən bəri ən yüksək göstəricidir.
WTI markalı neftin mart fyuçerslərinin qiyməti isə bir barel üçün 60,85 ABŞ dolları (+2,32%) olub. Səhər ticarəti zamanı Qərbi Texas etalon qarışığı 60,95 dollar/barelə yüksəlib ki, bu da keçən il yanvarın 8-dən bəri ən yüksək göstəricidir.
Ötən həftənin yekunlarını ümumiləşdirsək, qlobal neft qiymətləri təqribən 5% artıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Yəməndəki hərbi koalisiya fevralın 14-də gecə saatlarında bomba yüklü pilotsuz uçan aparat ələ keçirərək məhv etdiyini açıqlayıb. Dövlət televiziyası PUA-nın husilər tərəfindən krallıq ərazisinə doğru buraxıldığını bildirib.
“Bu xəbərlər neft bazarlarında səhər satışlarında artıma səbəb olub. Lakin bu proses həmçinin ABŞ-ın iqtisadi stimullaşdırıcı tədbirlərinin və karantin məhdudiyyətlərinin zəifləməsinin iqtisadiyyatı və yanacağa tələbatı gücləndirəcəyinə dair ümidlərin artması ilə bağlıdır”, - “Fujitomi Co.” əmtəə brokerinin baş analitiki Kadzuhiko Saito deyib.
O əlavə edib ki, WTI markalı neftin 60 dollar/barel səviyyəyə çatdıqdan sonra mənfəət götürülməsi səbəbindən endirilə bilər.
Son həftələrdə neftin qiyməti həm də əsasən OPEC ölkələrinin və kartelin müttəfiqləri olan, OPEC+ kimi tanınan qrupun üzvlərinin tədarükləri azaltması səbəbindən artıb.
“Bundan əlavə, güclü qlobal səhm bazarları investorların risk iştahını artırıb”, - “Rakuten Securities”in analitiki Satoru Yosida deyib.
Koronavirus peyvəndinin qlobal miqyasda uğurlu tətbiqi Vaşinqtondan yeni yardımlar fonunda sürətli iqtisadi bərpa ümidlərini artırdığından Asiya səhmləri fevralın 15-də rekord həddə yüksəlib.
“Dünyada pul-kredit siyasətinin yumşaldılması, sürətli peyvəndləmə və OPEC+ ilə ABŞ-ın şist neft istehsalçılarının məhdud tədarükü fonunda xammal qiymətləri bir barel üçün 70 ABŞ dollarına yaxınlaşa bilər”, - S.Yosida söyləyib.