Bayden mühacirlərə səsləndi - “Bura gəlməyin”
ABŞ Prezidenti Co Bayden Meksika sərhədində qanunsuz immiqrant sayının artmasına münasibət bildirib.
SəhərAzəri - "Qafqazinfo" xəbər verir ki, son vaxtlar Meksika sərhədindəki qanunsuz immiqrasiya böhranı ilə bağlı sualları cavablandıran Bayden mühacirlərə ABŞ-a gəlməməyi tövsiyə edib. "Mən açıq şəkildə immiqrantlara bu mesajı verə bilərəm: Bura gəlməyin. Şəhərinizi, qəsəbənizi və ya icmanızı tərk etməyin",-deyə Bayden qeyd edib.
Meksika sərhədindəki vəziyyətin pisləşmə ehtimalı barədə suala isə, Bayden “Bəli, bu baş verə bilər",-deyə cavab verib.
Bundan əlavə ABŞ Prezidenti ölkəyə gələn qeyri-qanuni mühacirlərin əksəriyyətinin geri göndərildiyini də qeyd edib:"Qanunsuz immiqrantların çoxunu geri göndərdik".
Qeyd edək ki, Baydenin açıqlamalarından bir müddət əvvəl ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Meksika sərhədində ölkəyə qanunsuz yolla girməyə çalışanların sayının son 20 ilin ən yüksək səviyyəsinə çatdığını açıqlamışdı.