Sen 03, 2021 11:21 Asia/Baku
  • Taliban isə yeni hökumətə başçı təyin edib

Əfqanıstanda yeni hökumətə kimin başçılıq edəcəyi bəlli olub, müqavimət qüvvələri isə öz əməliyyatlarını genişləndirirlər.

SəhərAzəri-nin verdiyi məlumata görə, Əfqanıstanda hakimiyyəti ələ keçirmiş Taliban qrupu ölkədə formalaşacaq yeni hökumətə kimin rəhbərlik edəcəyini açıqlayıb.

TASS Agentliyi xəbər verir ki, bu barədə qrupun nümayəndələri məlumat veriblər. Yeni hökumətə Molla Əbdülğəni Bəradər başçılıq edəcək.

Qeyd edək ki, bundan öncə Molla Əbdülğəni Bəradərin təşkil ediləcək hökumətdə XİN rəhbəri olacağı deyilib.

Hərəkatın mənbələri bildiriblər ki,  sabiq lider Molla Ömərin oğluYəqub Məhəmməd Ömər, müdafiə naziri, Xəlifə Həqqani isə daxili işlər naziri olacaq.

Digər tanınmış üzvlər Məhəmməd Nəim və Zəbihulla Mücahidin İnformasiya və Mədəniyyət nazirləri qismində yer alacaqları təxmin edilir.

Taliban mənbələri yeni hökumətdə qadınların olmayacağını bildiriblər.

Bu arada Əfqanıstandan daxil olan digər məlumatda bildirilir ki, Taliban böyük itkilər verir və bölgələrə nəzarəti itirir

Əfqanıstan Müqavimət ordusu, Kabilin şimalındakı Pərvan əyalətinin mərkəzi olan Çarikar şəhərini ələ keçirib. Taliban qüvvələri ağır itki verərək, geri çəkilib. 

Müqavimət ordusunun nümayəndələri “Twitter”-də yazıb ki, dünən gecə Taliban bir neçə istiqamətdən Pəncşir Vadisinə hücumlarını davam etdirib. Onların sözlərinə görə, Taliban hücuma başlamazdan əvvəl Pəncşirin internetini, rabitəsini və elektrik təchizatını kəsib.

Qeyd olunur ki, Taliban ağır itkilər verib, döyüşçülərinin onlarla cəsədi döyüş meydanında qalıb. Həmçinin bildirilir ki, Əhməd Məsudun tərəfdarları Bədəxşan əyalətində dörd rayonu taliblərdən geri almağı bacarıb.

 

Teqlər