Putin gözlənilən qərarı verdi, fərman imzaladı
Rusiya Donetsk və Luqanskın "müstəqilliyini" tanıdı - TƏCİLİ
Rusiya Ukraynanın separatçı regionları olan Donetsk və Luqanskın müstəqilliyini tanıyıb.
SəhərAzəri xəbər verir ki, Putin bu barədə rus xalqına müraciət edib, ardınca Donetsk və Luqansk “respublikaları”nın “müstəqilliyi”ni tanımaq barədə fərman imzalayıb.
Kremlin mətbuat xidməti isə bildirib ki, Rusiya prezidenti Vladimir Putin daha əvvəl Ukraynanın iki bölgəsinin müstəqilliyini tanıyacağı barədə Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla telefon danışığı aparıb.
Söhbət zamanı Putin deyib ki, o, “DXR” və “LXR”in müstəqilliyinin tanınması haqqında fərman imzalayacaq.
Bazar ertəsinin son saatlarında Rusiya prezidenti xalqa canlı yayımla müraciət edib.
Donbasda vəziyyətin kritik olduğunu bildirən Putin Ukrayna tarixinə baxışını ortaya qoyub. Deyib ki, müasir Ukraynanı tam şəkildə öz tarixi torpaqlarının bir hissəsi hesabına Rusiya yaradıb, amma sakinlər heç vaxt heç nə soruşmayıb.
Eyni zamanda Putin 1954-cü ildə Xruşçovun “nəyə görəsə” Krımı Ukraynaya hədiyyə etdiyini bildirib.
O deyib: "Bolşeviklər Donbası sözün əsl mənasında Ukraynaya sıxışdırıblar. Bolşevik siyasəti nəticəsində Sovet Ukraynası yaratdı ki, bu gün belə əsaslı səbəblə onu “Vladimir İliç Leninin adını daşıyan Ukrayna” adlandırmaq olar”.
Onun sözlərinə görə, Rusiya ədalətsizliyə baxmayaraq, SSRİ dağılandan sonra ölkələrin müstəqilliyini tanıyıb.
Putin qeyd edib ki, Ukrayna heç vaxt həqiqi dövlətçiliyə malik olmayıb, yalnız modelin surətini köçürüb. Hazırda isə Ukrayna parçalanıb və kəskin iqtisadi böhran yaşayır.
Bu arada Rusiya prezidenti digər bir fərmanla silahlı qüvvələrə “dxr” və “lxr”də sülhün qorunmasını təmin etməyi tapşırıb.
Fərmanın 3-cü bəndinə əsasən, müqavilə imzalanan kimi Rusiya Federasiyası Silahlı Qüvvələri Luqanskın ərazisində sülhməramlı funksiyalarını yerinə yetirəcək.