Rusiya ilə müzakirələr çətin irəliləyir
https://azeri.sahartv.ir/news/dünya-i387027-rusiya_ilə_müzakirələr_çətin_irəliləyir
Rusiya ilə döyüşlərə son qoymaq üzrə müzakirələrin davam etdiyini bildirən Ukrayna prezidenti bu müzakirələrin çətinliyindən söz açıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 17, 2022 12:02 Asia/Baku
  • Rusiya ilə müzakirələr çətin irəliləyir

Rusiya ilə döyüşlərə son qoymaq üzrə müzakirələrin davam etdiyini bildirən Ukrayna prezidenti bu müzakirələrin çətinliyindən söz açıb.

Fevralın 24-də Rusiya-Ukrayna savaşının başlandığı gündən bəri iki tərəfin nümayəndə heyətləri arasında müxtəlif səviyyələrdə bir neçə raundda müzakirə keçirilsə də bu müzakirələr əhatəli atəşkəsə gətirib çıxarmayıbdır.

İki ölkənin xarici işlər nazirlərinin Türkiyədə keçirilən müzakirələrində də duyulacaq bir nailiyyət əldə olunmayıbdır. Bu müzakirələrin yeganə nəticəsi, mülkilərin humanitar yollardan çıxmaları üçün bəzi bölgələrdə hələlik atəşkəsə zəminin yaradılması olubdur.

Ukrayna prezidenti Vladimir Zelenski dünən ABC telekanalı ilə müsahibədə üçüncü dünya müharibəsinin başlanması ehtimalına dair sualın cavabında deyib: Heç kəs bilmir. Bəlkə də elə indi başlamış olsun. Ukraynanın çökdüyü bir halda, üçüncü dünya müharibəsinin başlanmasının nə əhəmiyyəti var?

Zelenski bu dialoqun davamında iddia edib ki, Rusiya ordusu Çeçenistan və Əfqanıstandakı tələfatından daha çox xəsarətə düçar olubdur.

Ukrayna prezidenti bir daha Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi və Ukraynanın hava hücumundan müdafiəyə malik olmasını istəyib.

Belə bir halda, bundan öncə Ağ Ev-in sözçüsü Cenifer Psaki bir daha rəsmi Kiyevin «uçuş qadağa zonası»nın yaradılması üzrə xahişi, həmçinin bəzi Avropa ölkələrinin Ukraynaya qırıcı təqdim etmək üzrə qərarlarına qarşı çıxıb.

BMT-dəki diplomatik mənbələr də deyirlər ki, Təhlükəsizlik Şurasının Rusiyanın Ukrayna barədəki humanitar qətnamə layihəsi ilə bağlı səsverməsi martın 18-də keçiriləcək.