Pakistanın baş naziri xarici müdaxilənin qurbanı oldu
İmran Xanın hakimiyyətdən getməsində kimlər rol oynadı? – TƏHLİL
Pakistanda İmran Xanın hakimiyyətdən getməsində regional və beynəlxalq amillərin olduğunu sübut edən faktlar var.
SəhərAzəri-nin məlumatına əsasən, Pakistanın baş naziri İmran Xanın ABŞ-ın təzyiqləri nəticəsində devrilməsindən sonra onun milyonlarla tərəfdarı ölkənin müxtəlif şəhərlərində etiraz aksiyası keçirib və Birləşmiş Ştatların ölkəyə müdaxiləsinə qarşı olduqlarını bildiriblər.
Pakistanın devrilmiş baş naziri İmran Xan hesab edir ki, o, amerikan intriqasının qurbanı olub, ona görə də bu gün xarici fitnələrə qarşı azadlıq mübarizəsinin başlanğıcıdır.
Əlbəttə ki, bu inamı gücləndirən bir çox səbəb və göstəricilər var. Əgər bu kənarlaşdırma daxili siyasi gərginliyin və ya İmran Xanın yarıtmaz siyasətlərinin nəticəsi olsaydı, müəyyən mənada təbii görünə bilərdi, lakin kənarlaşdırmanın sürəti və keyfiyyəti daha çox çevriliş planına bənzəyir.
Məlum olduğu kimi İmran Xan bu intriqanın ilk qurbanı deyil. İraqda da Adil Əbdül-Mehdi hökumətinin mandatından hələ iki il qalmasına və baş nazir olduğu müddətdə çox müsbət və səmərəli fəaliyyət göstərməsinə baxmayaraq, xarici siyasət sahəsində müstəqil mövqe sərgiləməsi və İraqda yenidənqurma prosesini sürətləndirmək üçün çinə yaxınlaşdığına xatir baş nazir ABŞ-ın qəzəbinə tuş gəldi və ona qarşı məqsədyönlü aksiyalar təşkil edilərək istefaya göndərildi. Hazırda isə ABŞ yeni seçkilərin keçirilməsinə baxmayaraq, İraqda yeni baş nazirin təyin edilməsini əngəlləyir və ondan qorxur ki, yeni baş nazir Mustafa Əl-Kazimi kimi ABŞ-ın maraqlarına qulluq edə bilməyəcək, xüsusən də Ukrayna müharibəsi və artan enerji qiymətləri İraq neftinin dünya bazarlarına tədarükünü tələb edir.
Livan hökuməti də baş nazir Səəd Həririnin dövründə oxşar intriqanın qurbanı oldu və ölkədə siyasi boşluq yarandı. Sonradan Hizbullaha yaxın Həsən Diyab hökumətinin işlərin öhdəsindən gəldiyi halda, onu istefa vermək məcburiyyətində qoydular.
Bu hallar göstərir ki, ABŞ-ın tələblərinə müqavimət göstərən hökumətləri istefaya məcbur etmək faktları keçmişdə də olub, lakin fərq ondadır ki, İmran Xanın hakimiyyətdən uzaqlaşdırılması Baydenin demokratik administrasiyası zamanı baş verir və xarici müdaxilə məsələsində o Trampla eyni yolla gedir.
Diqqətçəkən başqa bir məqam da budur ki, ABŞ bu devrilmələrdə və ağ çevrilişlərdə tək deyil, ərəb və sionist müttəfiqlərinin də dəstəyindən bəhrələnib və görünür, Səudiyyə Ərəbistanı İmran Xanın hakimiyyətdən uzaqlaşdırılmasında fəal rol oynayıb.
Səudiyyə Ərəbistanı İmran Xanın Yəmən müharibəsinə qoşulmaq üçün dəfələrlə Ərriyadın müraciətlərinə müsbət cavab verməməsindən qəzəbli idi, ona görə də yəqin ki, yeni hökumətin Yəmən xalqına qarşı müharibədə iştirakını və Pakistanın imkanlarından istifadə etməyi Şahbaz Şərifdən istəyəcəkdir.
Bundan əlavə, Birləşmiş Ştatlar, Səudiyyə Ərəbistanı və onların müttəfiqləri Əfqanıstanda Talibanın güclənməsinin Əfqanıstan ilə İran arasında gərginlik və münaqişələrə səbəb olmadığından qəzəblənirlər və buna görə də Pakistanda hakimiyyət dəyişikliyi Əfqanıstanda sabitliyi pozmaq məqsədini də güdə bilər. Onlar arzu edirlər ki, Pakistanda ağ devrilişin baş tutması fonunda Kabil hökuməti ilə qonşu dövlətlər, o cümlədən İran arasında münasibətlər pozulsun, bu baxımdan Pakistanda İmran Xanın istefaya göndərilməsi həm də regional məqsədlər əsasında olmuşdur.
Bütün bunları nəzərə alaraq, Pakistanda baş verən son siyasi proseslər sırf ölkənin daxili məsələsi deyil, regional və beynəlxalq siyasət də bu olayda təsirsiz ötüşməmişdir. Bununla əlaqədar Ukrayna müharibəsində Pakistanın Qərb və NATO ilə əməkdaşlıq etməməsi və üstəlik Rusiya ilə kənd təsərrüfatı məhsullarının satınalınması haqda müqavilələr bağlamasını və Moskvaya qarşı sanksiyalardan yayındığını nəzərə alsaq, ABŞ-ın niyə sürətlə İmran Xana qarşı hərəkətə keçməsinin səbəbi aydınlaşacaqdır.