Apr 20, 2022 11:38 Asia/Baku
  •  ABŞ və Avropa Ukraynanı silahlandırmaqda davam edirlər

ABŞ Ukrayna üçün 800 milyon dollar dəyərində növbəti təhlükəsizlik yardımı paketini hazırlayır.Bu barədə CNN-ə ABŞ Prezidentinin administrasiyasının adı açıqlanmayan üç rəsmisi və məsələ ilə tanış olan əlavə iki mənbə məlumat verib.

ABŞ Prezidentinin administrasiyasının rəsmisi yeni yardım paketinin 36 saat ərzində təsdiqlənməsinin mümkün olduğunu qeyd edib.

Əgər 800 milyon dollar həcmindəki bu yardım paketi təsdiqlənərsə ABŞ-ın Ukraynaya 24 fevral tarixindən sonra etdiyi hərbi yardımların ümumi həcminin 3,4 milyard dollara çatacağı bildirilib.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Co Bayden jurnalistlərin sualına cavabında ölkəsinin Ukraynaya əlavə artilleriya vasitələri göndərəcəyini təsdiqləyib.

Ukraynanı silahlandıran digər qərb ölkəsi Almaniya isə Ukrayna üçün özəl şirkətlərdən silah alır.  

Almaniya kansleri Olaf Şolts Berlində keçirdiyi mətbuat konfransında deyib ki, Almaniyanın Ukraynaya göndərə biləcəyi silah ehtiyyatları tükənib, lakin Kiyevin ehtiyaclarına yardım məqsədi ilə özəl hərbi texnika istehsalçıları ilə iş aparılacaq.

“Biz bu çatdırılmaların pulunu ödəmək niyyətindəyik”, - deyə kansler bildirib.

Şolts vurğulayıb ki, Almaniya Ukraynaya əhəmiyyətli təsir gücünə malik silahları artıq tədarük edib və silah istehsalçıları ilə Kiyevin tank əleyhinə və hava hücumundan müdafiə sistemləri ilə təmin edilməsi istiqamətində işləyəcək.

Almaniya kansleri Rusiya ordusunun Ukraynada qələbəsinə imkan verilməməsinin vacibliyini vurğulayıb.

 “Aİ və NATO-dakı tərəfdaşlarımızla birlikdə Rusiyanın bu müharibədə qalib gəlməməsi fikrində tamamilə yekdilik”, - deyə Şolts bildirib.

Norveç də Ukraynaya hava hücumundan müdafiə üçün nəzərdə tutulmuş 100 “Mistral” zenit-raket kompleksi göndərib.Bu barədə Norveçin Müdafiə Nazirliyi bildirib. Qeyd olunub ki, sistemlər artıq Ukraynaya təhvil verilib.

 

Teqlər