Rusiya rəhbəri Finlandiya lideri ilə danışdı
Putin: NATO-ya qoşulmanız strateji səhvdir
Rusiya Prezidenti Vladimir Putinlə finlandiyalı həmkarı Sauli Niinistö telefon danışığı aparıb.
SəhərAzəri-nin məlumatına əsasən, tərəflər Finlandiyanın NATO-ya üzvlük üçün müraciət etmək niyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.
Putin qeyd edib ki, ənənəvi hərbi neytrallıq siyasətindən imtina etmək səhv olardı, çünki Finlandiyanın təhlükəsizliyinə heç bir təhdid yoxdur. Ölkənin xarici siyasətində belə bir dəyişiklik uzun illər ərzində mehriban qonşuluq və tərəfdaşlıq əməkdaşlığı ruhunda qurulan və qarşılıqlı faydalı olan Rusiya-Finlandiya münasibətlərinə mənfi təsir göstərə bilər.
NATO-nun öz sıralarını genişləndirməsinə Rusiyanın sərt etiraz etməsinə baxmayaraq, İsveçin də mayın 17-də NATO-ya üzvlük üçün müraciət edəcəyi gözlənilir.
Bu barədə “Svenska Dagbladet” qəzeti məlumat yayıb.
Plana görə, iki Şimali Avropa ölkəsi eyni vaxtda Brüsselə sənədlər göndərmək istəyir.
Bundan əvvəl Finlandiyanın xarici işlər naziri Pekka Haavisto İsveçin “Aftonbladet” qəzetinə müsahibəsində ölkəsinin mayın 18-də NATO-ya üzv olmaq üçün müraciət edəcəyini bildirib.
Bu arada Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Ankaranın NATO-ya üzv olmağa can atan Finlandiya və İsveçdən gözləntisini dilə gətirib.
"Bizim NATO müttəfiqlərimizdən və digər ölkələrdən gözləntilərimiz Türkiyənin milli təhlükəsizliyini təhdid edən PKK və FETÖ kimi terror təşkilatlarına qarşı açıq və aydın mövqe tutmaları və bunu fəaliyyətləri ilə nümayiş etdirmələridir”, - deyə Kalın bildirib.
Türkiyə hələlik bu iki ölkənin NATO-ya daxil olmasının əleyhinədir.