İyul 12, 2022 14:47 Asia/Baku
  • Putin və Ərdoğan
    Putin və Ərdoğan

Kreml dünən bildirib ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan yaxın gələcəkdə görüşəcəklər.

SəhərAzəri-nin məlumatına əsasən, Kremlin bildirişində deyilir: Tezliklə keçiriləcəyi nəzərdə tutulan iki ölkə prezidentlərinin görüşündən öncə Putin və Ərdoğan bazar ertəsi günü ikitərəfli mövzulardan geniş bir spektr barədə danışıblar.

Bəyanatda əlavə edilir: Bu dialoq Rusiya enerjisinin maneəsiz ixracatının davam etməsinə, həmçinin bank və ticarət mübadilələrində milli valyutalardan istifadə və ticarətin gücləndirilməsi, eləcə də qanun çərçivəsinin yaxşılaşdırılması üzrə tədbirlər də daxil olmaqla iqtisadi əməkdaşlıqların bərpası üçün daha geniş səylər üzərində təmərküzləşib.

İki ölkə prezidentləri həmçinin Rusiya-Türkiyə birgə komissiyası ilə əlaqədar rəsmilər arasındakı sıx əlaqələri qoruyub saxlamaq haqda razılığa gəliblər.

Türkiyə Ukrayna taxılı və Rusiyanın kimyəvi gübrə ixracatına kömək etməyə çalışır.

Rəcəb Tayyib Ərdoğan iyun ayında bildirmişdi ki, Vladimir Putin və Vladimir Zelenski ilə taxıl ixracatı dəhlizinin yaradılması barədə danışacaq.

Türkiyə mediaları ötən ay xəbər verdilər ki, ərzaq maddələri böhranından çıxmaq üçün həll yolu tapmaqdan ötrü, Rusiya, Ukrayna və BMT nümayəndələrinin iştirakı ilə İstanbulda bir mərkəzin yaradılması nəzərdən keçirilməkdədir.

Türkiyə rəsmilərinin bildirdiklərinə görə, bu layihənin icra edilməsilə dünya bazarlarına 20 milyon tona yaxın taxılın ixracat imkanı yaradılacaq.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bundan öncə demişdi ki, Ankara Ukrayna taxılının dəniz vasitəsilə dünya bazarlarına ixracatı üçün bir təhlükəsizlik dəhlizinin yaradılması sahəsində bütün ölkələrlə əməkdaşlığa hazırdır.

Rusiya prezidenti Vladimir Putin 21 fevral 2022-ci tarixində Qərbin Moskvanın təhlükəsizlik nigarançılıqlarına məhəl qoymamasını tənqid etdi və Donbas bölgəsində yerləşən Donetsk və Luqansk xalq respublikalarının müstəqilliklərini rəsmən tanıdı.

Putin ondan üç gün sonra- fevralın 24-də də «xüsusi əməliyyat» adlandırdığı Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatına başladı. Beləliklə, çox gərgin olan Moskva-Kiyev münasibətləri hərbi qarşıdurma vəziyyətinə gəldi.

 

Teqlər