Avq 11, 2023 17:29 Asia/Baku
  • ABŞ iqtisadiyyatı borclar içində boğulur

ABŞ iqtisadiyyatının vəziyyəti ilə bağlı gündəlik olaraq narahatlıq doğuran xəbərlər gəlir - ölkənin borcu artır, milli valyutanın alıcılıq qabiliyyəti aşağı düşür, biznes fəallığı azalır, inflyasiya isə səngimək bilmir. Üstəlik, hətta dünya maliyyə və reytinq qurumları da ABŞ iqtisadiyyatına ədalətli qiymət verməyə başlayıblar.

Sputnik.az-da dərc edilən araşdırmada deyilir: ötən həftə "Fitch Ratings" ABŞ-ın xarici valyutada uzunmüddətli emitentin defolt reytinqini stabil proqnozla AAA-dan AA+ səviyyəsinə endirib. Agentlik reytinqin aşağı salınmasına səbəb kimi fiskal vəziyyətin pisləşməsi, yüksək borc yükü və iqtisadi tənəzzül təhlükəsinin davam etməsi ehtimalını göstərib.

Xəbər agentliyi xatırladır ki, Fitch ilk dəfədir ki, ABŞ-ın reytinqini aşağı salır - əvvəllər agentlik ölkənin reytinqini AAA səviyyəsində saxlayaraq, yalnız mümkün azalma barədə xəbərdarlıq edirdi.

Ekspertlər hesab edirlər ki, reytinqin aşağı düşməsi ABŞ iqtisadiyyatının problemlər aysberqinin yalnız görünən hissəsidir və onu dərk etdikcə, dünya iqtisadiyyatının taleyi üçün də elə bir o qədər təlaş yaranır.

Şübhəsiz ki, bu gün ABŞ iqtisadiyyatının əsas problemi nəhəng borcdur - hazırda o, təkcə son iki ayda 600 milyard dollardan çox artıb. Razılaşın ki, bu hətta dünyanın ən böyük iqtisadiyyatı üçün də ağlasığmaz məbləğdir.

Eyni zamanda, ABŞ-ın dövlət borcu son 20 ildə kəskin şəkildə - 2000-ci illərin əvvəllərindəki 5 trilyon dollardan hazırkı 32,6 trilyon dollara qədər artıb.

Ölkənin dövlət borcu Demokratlar və Respublikaçılar arasında mübahisə mövzusuna çevrilib - sonuncular qanuni borc tavanını artırmaqdan imtina edirlər.

Milli borcla bağlı son böhran mayın sonunda, o, yenidən tavan həddini aşdıqda və ölkə hökumətinin bundan sonra nə edəcəyini - defolt elan etmək və ya limiti artırmaq barədə qərar verməli olduğu zaman baş verib. Uzun müzakirələrdən sonra Prezident Co Bayden iyun ayında milli borc tavanının növbəti dəfə artırılması haqqında qanunu imzalayıb.

Belə bir artım isə o deməkdir ki, ölkə parlamenti xərcləri ödəmək, o cümlədən dövlət borcu üçün əlavə kredit cəlb etməyə, yəni borcun ödənilməsi üçün kredit götürməyə icazə verir. Qeyd edək ki, ABŞ-da İkinci Dünya Müharibəsindən sonra dövlət borcunun tavanı təxminən 100 dəfə qaldırılıb və onun artırılmasından imtina faktiki olaraq borcları ödəməyin mümkünsüzlüyü deməkdir

 

Dövlət borcu ilə bağlı qorxunc rəqəmlərin analitiklər tərəfindən yaxın gələcəkdə daha da sürətlə artacağı pronozlaşdırılır. Belə ki, "Bank of America"nın ekspertləri onun növbəti on il ərzində gündəlik 5 milyard dollardan çox artacağını bildirirlər.

 

 

Teqlər