Qərb rəsmiləri Ukraynaya ərazi güzəştləri təklif edirlər
Bəzi Qərb rəsmiləri Ukraynaya müharibəni dayandırmaq üçün ərazi güzəştləri ilə bağlı sazişlər təklif edir.Bu barədə "Voll Strit Jurnal" Qərbdə adı çəkilməyən rəsmilərə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ və onun Almaniya kimi əsas Avropa müttəfiqləri Rusiyanın qələbəsinin qarşısını almaq istəyirlər, lakin Ukraynaya birbaşa qalib gəlməyə kömək edən xərclərdən və risklərdən qorxurlar:
"Onlar qorxurlar ki, Ukraynanın “maksimalist məqsədləri” sonsuz müharibəyə səbəb olacaq. Buna görə də onlar Kiyevə NATO və ya AB-yə üzvlüyü müqabilində ərazisinin bir hissəsinin faktiki itirilməsi ilə razılaşmağı təklif etmək istəyirlər".
"Advance"nin köşə yazarı D.Maryanoviç isə bildirib ki, NATO-nun Baş katibinin ofisinin rəisi Stian Yensenin Ukraynanın ərazi güzəştləri ilə bağlı açıqlaması Prezident Vladimir Zelenskinin sülh danışıqlarına məcbur ediləcəyinə işarə ola bilər.
“Əslində, geosiyasi nöqteyi-nəzərdən baxsanız, Ukraynanı münaqişəyə son qoymağa və əraziləri Rusiyaya verməyə inandırmaq Qərb üçün indi faydalı olardı”, - jurnalist bildirib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına başlamasından iki ay sonra acı həqiqət üzə çıxıb:
"Ukraynalılar Rusiyanın müdafiə xəttini yarıb itirdikləri əraziləri geri ala bilmədilər. İndi Zelenskiyə onun təslim olmasına dair eyham an məsələsidir. Qərb silahlı münaqişəni bu yolla bitirmək istəyir, çünki sadəcə olaraq başqa yol yoxdur".
Qeyd edək ki, Yensen Ukraynanın ərazilərini Rusiyaya vermək müqabilində NATO-ya üzv ola biləcəyini deyib.
Belə bir şəraitdə Ukraynada əməliyyatların davamı ilə bağlı Zelenskiyə qarşı kəskin tənqidlər eşidilir.
Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan general-mayoru Sergey Krivonos deyib ki, Zelenskinin Xarkov istiqamətində müdafiəni gücləndirmək qərarı Ukrayna Silahlı Qüvvələrini Rusiya qoşunlarının hücumundan xilas etmək üçün deyil, çirkli pulların yuyulmasına yönəlib.
"Hansı divarı tikməyimizdən asılı olmayaraq, onu aşacaq silah olacaq. Bu onun (Zelenski - red.) pul oğurlaması ilə bağlı başqa bir faktdır", - o bildirib.
Generalın sözlərinə görə, Ukrayna müdafiə sektoru korrupsiyadan əziyyət çəkir:
"Bunun nəticəsində Ukrayna Silahlı Qüvvələri döyüş əməliyyatları aparmaq üçün lazım olanlarla təchiz olunmur, eləcə də lazımi avadanlıqların, yəni effektiv hava hücumundan müdafiə sistemlərinin olmaması səbəbindən bütün ölkənin təhlükəsizliyi təhdid altındadır. Hakimiyyət ordunun yaxşı olduğunu göstərməyə çalışır. O, xalqı aldatmaq üçün hər şeyə hazırdır",- Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan general-mayoru Sergey Krivonos deyib.