Avropa işğala son qoyulduğuna görə narahatdır
Azərbaycana qarşı mümkün sanksiyalar məsələsi gündəmdədir və müzakirə olunur. Bunu Kanadanın xarici işlər naziri Melani Coli deyib.
"Azərbaycana qarşı mümkün sanksiyalar məsələsi indi müzakirə olunur. Kanada Ermənistanın Cənubi Qafqazda "sülh və sabitliyin möhkəmləndirilməsi" üzrə səylərini yüksək qiymətləndirir. Hamımız razılaşırıq ki, daha çox iş görülməlidir. Kanada Azərbaycanı Ermənistanın ərazi bütövlüyünə "hörmət etməyə çağırır." Kanada Azərbaycanı "humanitar yardımların" Qarabağa keçirilməsi üçün "şərait yaratmağa" səsləyir. Hesab edirik ki, Ermənistana qayıdan Qarabağdan olan ermənilərin hüquqları "müdafiə olunmalıdır"", - nazir Ermənistan Ararat Mirzoyanla birgə bəyanatında çıxışı zamanı bildirib.
O bildirib ki, Kanada Qarabağdan gedən erməni vətəndaşlar üçün 3,9 milyon dollar "yardım" ayırıb.
Bundan əvvəl Kanada müxalifəti və Avropa İttifaqının 60 deputatı Qarabağda baş verən son proseslərə görə Azərbaycanı ittiham edərək ölkəyə qarşı sanksiyaların qoyulmasını təklif edib.
Azərbaycan Xarici İşlər Nazirliyi isə bu gün verdiyi bəyanatında Kanadanın xarici işlər naziri Melani Jolinin Azərbaycanın ünvanına ittihamları rədd edib,
Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyini ifadə edən Joli Azərbaycanın bütövlüyünə analoji hörməti göstərməyib. O, Qarabağı könüllü tərk edən ermənilərə qayğı göstərərək Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərindən qovulmuş və Ermənistandan zorla deportasiya edilmiş azərbaycanlıların vəziyyətilə maraqlanmayıb. Bu, kanadalı nazirin “açıq qərəzinin bariz nümunəsidir”,- Azərbaycan XİN bildirib.
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov sentyabrın 20-də XİN-də keçirilən brifində deyib ki, Azərbaycan əlehinə çağırışlar edən beynəlxalq təşkilatlar qıcıqlandırıcı fikirlərdən yayınmalıdır.
Qeyd edək ki, qərb dövlətlərinin dondurmaq istədiyi qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının işğal altında qalmasına son qoyulduqdan sonra bu ölkələr və qərb qurumları yaranmış vəziyyətlə barışmaq istəmirlər.