ABŞ-ın Cənubi Qafqazdakı islamafob siyasəti
ABŞ Prezidenti Cozef Bayden administrasiyası ölkə tarixində ilk dəfə islamofobiya ilə mübarizə üçün milli strategiya hazırlayacağını açıqlasa da Amerikadakı islamofobiyanın bu ölkə siyasətində öz əksini tapdığı tamamiylə göz qabağındadır.
Ağ Ev-in bir qədər əvvəl yaydığı açıqlamada qeyd olunur ki, hökümət islamofobiya və nifrətin bütün formalarına qarşı mübarizə aparacaq strategiya hazırlamaq üçün icma liderləri, vəkillər, Konqres üzvləri ilə birlikdə iş birliyindədir.
Ağ evin yayındırıcı bəyanatına baxmayaraq bəzi şərhçilər Birləşmiş Ştatlarda artan islamofobik meyllərin ölkənin xarici siyasi qərarlarında da öz əksini tapdığını deyirlər.
Bu xüsusda ABŞ-ın Ermənistan və Azərbaycanda keçmiş münaqişənin təsirinə məruz qalmış şəxslərə humanitar yardımın göstərilməsi ilə bağlı ikili standartları misal kimi göstərilə bilər.
Report ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerə ölkənin islamofobiya ilə mübarizə üzrə hazırlanan ilk milli strategiyası ilə bağlı sual ünvanlayıb. Ermənistanla müqayisədə Azərbaycana qarşı humanitar yardımların göstərilməsində edilən ayrı-seçkiliyin islamofobiya əlaməti kimi qeyd olunmaqla Dövlət Departamentindən bunun izahı istənilib. Bundan başqa, qəbul ediləcək islamofobiya ilə mübarizə strategiyasının ABŞ-ın xarici siyasətinə təsir edib-etməyəcəyi də sorğulanıb.
Sözçünün cavabı tam formal olub və o ümumi sözlərlə kifayətlənib.
Sözçü qeyd edib ki, Birləşmiş Ştatlar qaçqınların məskunlaşdırılması da daxil olmaqla, beynəlxalq humanitar tədbirlərdə qlobal liderdir və bundan sonra da belə olacaq:
"Biz dünyanın ən həssas təbəqələrinə təhlükəsiz sığınacaq və humanitar yardım proqramlarına ayrı-seçkilik olmadan təhlükəsiz çıxış təqdim etməyə davam edəcəyik".
Göründüyü kimi, ünvanlanmış sual konkret məqamlara toxunulmadan mahiyyət üzrə cavablandırılmayıb. Eyni zamanda, ABŞ Dövlət Departamentinin sözçüsü qeyd edilən suallarla bağlı Ağ Ev-in mətbuat xidmətinə müraciət olunmasını xahiş edib.
ABŞ və onun Avropadakı müttəfiqləri daima və hər bir məsələdə müsəlman xalqlara qarşı xristian təəssübkeşliyi ilə mövqe sərgiləyiblər. Bunun bariz nümunəsi birinci Qarabağ müharibəsində 1 milyon müsəlman azərbaycanlının qaçqın və didərgin düşməsinə ABŞ və qərb dövlətlərinin tamamiylə göz yummasıdır. Azərbaycan müharibə və işğala məruz qalarkən ABŞ hətta 907-ci düzəlişlə bu ölkəyə qarşı sanksiya da tətbiq etmişdir. İkinci Qarabağ müharibəsində isə ABŞ və Avropa ölkələri və qərb qurumlarından böyük fəallıq müşahidə olundu. Onlar Ermənistan mülkiləri və Qarabağ ermənilərinə qarşı edilməyən və olmayan hücumlardan nigaran qaldıqlarını tez-tez bildirsələr də, Azərbaycan şəhərlərinə qarşı raket hücumları və mülkinin qətlə yetirilməsinə göz yumdular.