Putin terror aktında Ukraynanı sifarişçi görür
Rusiya prezidenti Vladimir Putin bildirib ki, hazırda Crocus City Hall konsert zalında baş verən terror aktını kimin törətdiyi məlumdur. Onun sözlərinə görə, maraqlı olan cinayəti kimlərin sifariş etməsidir.
"Biz bilirik ki, Rusiyaya və onun xalqına qarşı bu vəhşilik kimin əli ilə edilib. Bizi sifarişçinin kim olması maraqlandırır", - deyə Putin terror aktından sonra görülən tədbirlərlə bağlı görüş zamanı deyib.
Prezident qeyd edib ki, ABŞ müxtəlif kanallar vasitəsilə öz tərəfdaşlarını və dünyanın digər ölkələrini inandırmağa çalışır ki, onların kəşfiyyat məlumatlarına görə, Moskva terrorunda guya Kiyev izi yoxdur, cinayətin İslam ardıcılları tərəfindən - Rusiyada qadağan edilmiş İŞİD təşkilatının üzvləri tərəfindən törədildiyini deyirlər.
“Əlbəttə ki, terrorçuların cinayət törətdikdən sonra niyə Ukraynaya getməyə cəhd etdikləri və onları orada kimlər gözlədiyi sualına da cavab verməliyik”, - deyə Putin vurğulayıb.
Qeyd edək ki,Martın 22-də Crocus City Hall-da baş verən terror aktında 3-ü uşaq olmaqla 137 nəfər ölüb, 152 nəfər xəsarət alıb.
Moskvanın Basmannı məhkəməsi dünən “Krokus” terror aktı ilə bağlı iş üzrə yeddinci müttəhim Əminçon İslamovu həbs edib. Bu barədə RİA Novosti xəbər verir.
“Məhkəmə istintaqın vəsatətini təmin edib və Əminçon İslamov barəsində mayın 22-dək həbs qətimkan tədbiri seçilib”, - hakim qərarı elan edib.
Bazar günündən bazar ertəsinə keçən gecə Moskvanın Basmannı məhkəməsi Dalerjon Mirzoyev, Saidakrami Rachabalizoda, Şəmsidin Fəriduni və Məhəmmədsobir Fayzov barəsində həbs qətimkan tədbiri seçib.
Bu gün həmin məhkəməyə iş üzrə daha üç təqsirləndirilən şəxs - Dilovar, İsrail və Əminçon İslamovların qohumlarının həbs edilməsi ilə bağlı istintaqdan vəsatət daxil olub.