ABŞ koordinator roluna keçdi
Dövlət rəsmisi Hindistan, Fransa və Aİ-nin İrəvandakı səfirləri ilə görüşüb
ABŞ dövlət katibinin müavini Riçard Verma Ermənistana səfəri çərçivəsində Avropa İttifaqı, Hindistan və Fransanın səfirləri ilə görüşüb.
Verma X-də yazdığı məlumatda görüşün isti və məhsuldar atmosferdə keçdiyini qeyd edərək bildirib: “Ermənistanın qlobal arenada artan rolunu müzakirə etmək üçün həmfikir diplomatlar və Ermənistan rəsmiləri ilə isti və məhsuldar görüş keçirdik. Biz birlikdə regional sabitliyi və təhlükəsizliyi təşviq etməyə sadiqik”.
Amerikalı rəsmi vurğulayıb ki, burada davamlı tərəfdaşlıq və ortaq rifah perspektivi var.
Qərb rəsmilərinin ara-sıra İrəvanda peyda olması Rusiyanı qıcıqlandırır. Riçard Vermanın səfirlərlə görüşü isə belə təəssürat yaradır ki, Birləşmiş Ştatlar Ermənistanın yeni müttəfiqləri arasında koordinator rolunu oynamağa başlayıbdır.