Avq 15, 2024 18:13 Asia/Baku
  • Kolumbiya Universitetinin rektoru istefa verib

Nyu-Yorkun Kolumbiya Universitetinin prezidenti Minouş Şəfiq Qəzzə müharibəsinə qarşı universitetin şəhərciyində keçirilən etirazlardan aylar sonra istefa verib.

Kolumbiya Universitetinin prezidenti Minouş Şəfiq İsrailin Qəzzə zolağında apardığı soyqırım müharibəsinə qarşı kampus etirazlarını idarə etməsi ilə bağlı aylarla tənqidlərdən sonra çərşənbə günü istefa verdiyini açıqlayıb. 

O, cəmiyyətdəki fərqli fikirlərin yaratdığı çətinlikləri etiraf edib.

ABŞ-ın Kolumbiya universitetində tələbə etirazları aprel ayında başladı və daha geniş anti-müharibə hərəkatı üçün mərkəz rolunu oynadı.

Şəfiq aprelin 18-də sionist rejimin cinayətlərinə etiraz edən tələbələri dağıtmaq və onların çadırlarını kampusdan yığışdırmaq üçün Nyu-York Polisini və təhlükəsizlik qüvvələrini universitetə çağırdıqdan sonra gərginlik daha da artdı, nəticədə 100-dən çox tələbə həbs olundu.

Etirazçılar tez bir zamanda yenidən toplanaraq başqa yerdə oturaq aksiyanı  davam etdirdilər.

Şəfiq aprelin 30-da yenidən etirazçıları dağıtmaq və tələbələri tutduqları inzibati binadan təmizləmək üçün polis və təhlükəsizlik qüvvələrinin şəhərciyə gəlmələrini istədi. Ümumilikdə 112 nəfər həbs olundu. 

O, həmçinin asayişi qorumaq və düşərgələrin yenidən qurulmasının qarşısını almaq üçün Nyu-York polisindən ən azı mayın 17-nə qədər kampusda qalmasını istədi.

Fələstin tərəfdarı etirazlar sürətlə Amerikanın digər universitetlərinə və daha sonra Avropa universitetlərinə yayıldı. 

Aprelin 18-dən indiyədək dünyanın 50 universitetində soyqırımçı İsrail rejiminin cinayətlərinə etiraz edən 2600-dən çox tələbə həbs edilib.