Okt 24, 2024 13:59 Asia/Baku
  • İranın Suriyadakı səfirliyinə hücum pislənildi

BRİKS-ə üzv ölkələrin liderləri İsrail rejiminin İranın Suriyadakı səfirliyinə hücumunu pisləyib və Qəzzədə “dərhal, hərtərəfli və daimi atəşkəs”in zəruriliyini vurğulayıblar.

Rusiyanın Kazan şəhərində BRİKS-in 16-cı zirvə toplantısında iştirak edən ölkələrin liderləri “İsrailin 1 aprel 2024-cü ildə Suriyanın paytaxtı Dəməşqdə İran İslam Respublikasının diplomatik obyektlərinə hücumunu” pisləyən bəyanatla çıxış ediblər.

Sözügedən bəyanatda bildirilir ki, işğalçı rejimin bu hərəkəti “Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasına əsasən diplomatik və konsulluq yerlərinin toxunulmazlığı və 1963-cü il Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyasının fundamental prinsipinin pozulmasıdır”.

BRİKS liderləri həmçinin sionist rejimin cinayətlərinin ardınca “işğal olunmuş Fələstin ərazilərində vəziyyətin pisləşməsi və humanitar böhrandan, xüsusilə Qəzzə zolağı və İordan çayının qərb sahilində misli görünməmiş zorakılıqların artmasından” dərin narahat olduqlarını bildiriblər, “Qəzzə zolağında dərhal, hərtərəfli və daimi atəşkəs əldə etməyə, hər iki tərəfdən bütün girov (əsir) və məhbusların dərhal və qeyd-şərtsiz azad edilməsinə” çağırıblar.

BRİKS sammitinin yekun bəyanatında qeyd olunur: “Biz Livanın cənubundakı vəziyyətdən narahatıq. Biz İsrailin Livandakı yaşayış məntəqələrinə hücumları nəticəsində mülki əhalini öldürməsini və mülki infrastruktura böyük ziyan vurmasını pisləyirik və hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edirik”.

BRİKS üzvləri bundan əlavə sionist rejimin Beyrutda rabitə vasitələrinin partladılması, insan tələfatı və onlarla mülki şəxsin yaralanması ilə nəticələnən “əvvəlcədən planlaşdırılan terror aktını” pisləyərək, vurğulayıblar ki, “bu hücumlar beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır”.

BRİKS liderləri sonda “beynəlxalq maliyyə strukturunu daha əhatəli və ədalətli etmək üçün qlobal maliyyə problemləri ilə, o cümlədən qlobal iqtisadi idarəetmə ilə üzləşmək məqsədilə mövcud beynəlxalq maliyyə strukturunda islahatların aparılmasının zəruriliyini” vurğulayıblar.