Avq 25, 2025 13:40 Asia/Baku
  • Amerikanın iki nəhəng televiziyası bağlana bilər

ABŞ prezidenti Donald Tramp ABC və NBC telekanallarının yayım lisenziyalarının ləğvini dəstəkləyəcəyini bildirib.

Tramp bu qərarını telekanalların onu tənqid etməsi, Demokratlar Partiyasının maraqlarını təbliğ etməsi ilə əsaslandırıb.

O deyib: “Ən pis və ən qərəzli televiziya şəbəkələrindən ikisi olan ABC və NBC kimi yalançı media, zamanın 97 faizində mənim haqqımda mənfi xəbərlər nümayiş etdirir. Əgər belədirsə, o zaman onlar sadəcə olaraq Demokratik Partiyanın bir qoludur və çoxlarının hesab etdiyi kimi, onların lisenziyaları ləğv edilməlidir”.

Xatırladaq ki, Trampın hədəf seçdiyi sözü gedən kanallar ABŞ-da ictimai rəyin formalaşmasında həlledici rol oynayan nəhəng media platformaları hesab olunur.

Tramp uzun müddətdir ki, ABŞ mediasının böyük hissəsini “Fake News” adlandırır. ABC və NBC isə tez-tez onun birbaşa hədəfinə çevrilən qurumlardandır.

Ekspertlər bildirirlər ki, Tramp əslində ölkədə söz azadlığını boğmaq niyyətindədir. O, vaxtaşırı ənənəvi medianı “xalq düşməni” adlandıraraq onlara qarşı ictimai etimadı sarsıtmağa çalışır. Bununla əlaqədar tənqidi jurnalistlərə qarşı şəxsi hücumlar edir, bəzi mətbuat konfranslarında sual verməyə qadağa qoyub. Digər tərəfdən müxalif səs çıxaran məmurları və ekspertləri ictimai şəkildə hədəfə alaraq, bəzən vəzifədən uzaqlaşdırmağa çalışıb.

Bununla əlaqədar Tramp tənqidi mövqedə olan dövlət qurumlarını “satqın” və ya “yalançı” elan etməsi azad sözün mühitini daraldır.

Beləliklə də Tramp ABŞ-da birbaşa hüquqi senzura mexanizmi tətbiq etməsə də, media üzərinə hücumlar, sosial şəbəkələri təhdid, opponentlərə qarşı şəxsi kampaniyalar və ictimai qorxu atmosferi ilə söz azadlığını faktiki olaraq daraltmağa çalışır.