Okt 12, 2025 13:10 Asia/Baku
  • Avropada Qəzzəyə dəstək və sionist rejimin siyasətlərinə qarşı geniş etiraz aksiyaları keçirilib

Şənbə günü Avropanın müxtəlif paytaxt və şəhərlərində minlərlə insan sionist rejimin Qəzzədə Fələstin xalqına qarşı törətdiyi cinayətlərə etiraz olaraq, aksiya keçirib, Fələstinlilərin qətliamına və soyqırımına görə məsuliyyət daşıyan İsrail rəsmilərinin mühakimə olunmasını tələb ediblər.

Cəzirənin məlumatına görə, Almaniyada Fələstin xalqı ilə həmrəylik ifadə etmək və Qəzzə ilə İordan çayının qərb sahilində törədilən kütləvi qırğınları pisləmək məqsədilə 34 şəhərdə 41 etiraz aksiyası və dəstək tədbiri keçirilib.

Berlində bir həftə ərzində üçüncü dəfə Fələstinə dəstək yürüşü təşkil olunub və etirazçılar Almaniya kansleri Fridrix Mersin "atəşkəsdən sonra Almaniyada etiraz etmək üçün heç bir səbəb yoxdur" deməsini tənqid ediblər.

Onlar soyqırıma dəstəyin dərhal dayandırılmasını, İsrailə silah ixracının sonlandırılmasını, beynəlxalq hüquqi tədbirlərə dəstək verilməsini və Qəzzəyə humanitar yardımların məhdudiyyətsiz girişinə icazə verilməsini tələb ediblər.

Həmçinin, Norveçdə Fələstin tərəfdarları Norveç və İsrailin milli komandaları arasında keçirilən futbol matçında stadiona gedərək, soyqırım cinayəti törədən rejimlə idman sahəsində normallaşmaya qarşı olduqlarını bildiriblər və İsrail idmançıları və komandalarının boykot edilməsini tələb ediblər.

Onlar həmçinin sionist rejimin Norveçdəki səfirliyinin bağlanmasını istəyiblər və FIFA ilə UEFA-nın susqunluğunu tənqid ediblər.

İtaliyada da Milan şəhərində böyük bir izdiham toplaşaraq, Qəzzədə yüz minlərlə insanın öldürülməsi, aclıq və didərgin salınmasına görə İsrail rəsmilərinin məsuliyyətə cəlb olunmasını tələb ediblər.

Londonda isə yüz minlərlə Fələstin tərəfdarı Fələstin bayraqları ilə mərkəzi küçələrdə anti-İsrail şüarları səsləndirərək, işğala son qoyulmasına və Qəzzə xalqı üçün ədalətin təmin olunmasına çağırıblar. 

Etirazçılar Qəzzədə atəşkəsin əldə olunmasından məmnunluq ifadə etsələr, İsrail rejiminin bu razılaşmanı pozma ehtimalına qarşı xəbərdarlıq ediblər və İngiltərə hökumətindən bu rejimə silah göndərilməsini dayandırmağı və onun cinayətlərinə qarşı ciddi tədbirlər görməsini tələb ediblər.