Noy 05, 2025 13:27 Asia/Baku
  • Zöhran Məmdani Nyu-Yorkun ilk müsəlman meri oldu

Demokrat siyasətçi və Nyu-York ştat parlamentinin üzvü olan 34 yaşlı Zöhran Məmdani gərgin və mübahisəli seçkilərdə qalib gələrək, Nyu-York şəhərinin ilk müsəlman meri seçilib. Onun qələbəsi bu izdihamlı şəhərin siyasi tarixində dönüş nöqtəsi hesab olunur.

ABŞ mediasının, o cümlədən Time və Guardian nəşrlərinin verdiyi xəbərə görə, Zöhran Məmdani 2025-ci il noyabrın 4-də keçirilən Nyu-York meri seçkilərində rəqiblərini geridə qoyaraq, Amerika Birləşmiş Ştatlarının ən sıx məskunlaşmış şəhərinin idarəsini ələ alıb.

Məmdani Uqandada anadan olub. Atası universitet professoru, anası isə film rejissorudur. O, yeddi yaşında ailəsi ilə birlikdə Nyu-Yorka köçüb. Məmdani əvvəllər Nyu-York ştat parlamentində Demokrat Partiyasının nümayəndəsi kimi fəaliyyət göstərib və partiyanın mütərəqqi qanadının tanınmış simalarından biri sayılıb.

Onun seçki kampaniyası “iqtisadi ədalət və sosial bərabərlik” şüarı ilə aparılıb və gənclərin, miqrantların və irqi azlıqların geniş dəstəyini qazanıb. Eyni zamanda, onun seçki mübarizəsi bəzi mühafizəkar fiqurların, o cümlədən ABŞ prezidenti Donald Trampın tənqid və təhdidləri ilə müşayiət olunub; Tramp səsvermə bitməmiş xəbərdarlıq edib ki, Məmdani qalib gəlsə, Nyu-Yorkun federal büdcə payı azaldıla bilər.

Özünü "İmam Hüseynin (ə) ədalət uğrunda mübarizəsindən və Aşura hərəkatından ilham alan müsəlman” kimi təqdim edən Məmdani məqsədinin bütün vətəndaşlar üçün bərabər imkanlara malik, daha ədalətli bir şəhər yaratmaq olduğunu bildirib.

Onun qələbəsi təkcə siyasi deyil, həm də sosial baxımdan tarixi əhəmiyyət daşıyır. Çünki ilk dəfə olaraq, Afrika mənşəli müsəlman miqrant Nyu-York kimi ABŞ-ın mədəni müxtəlifliyinin simvolu olan bir şəhərin meri seçilib.