İnsan haqları fəalları Ərəbistanın Londondakı səfirliyi qarşısında etiraz aksiyası keçirdi
Okt 29, 2015 06:29 Asia/Baku
-
İnsan haqları fəalları Ərəbistanın Londondakı səfirliyi qarşısında etiraz aksiyası keçirdi
Bir qrup hüquq və insan haqları fəalı Səudiyyə Ərəbistanının Londondakı səfirliyi qarşısında aksiya keçirərək tanınmış şiə ruhani Şeyx Nimr Baqir əl-Nimr və qardaşıoğluna çıxarılan edam qərarını pisləyib.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, çərşənbə günü günortadan sonra keçirilən bu aksiyada hüquq fəalları Şeyx Nimr və qardaşığoğlu Əli Məhəmməd əl-Nimrə çıxarılan edam qərarlarının ləğv olunmasını tələb ediblər.Etirazçılar Səudiyyə Ərəbistanında insan haqlarının pozulması, demokratiya prinsiplərinə riayət olunmaması, o cümlədən seçkilərin keçirilməsinə dair üzərilərində yazılar olan plakatları əllərində tutublar.
Aksiyaçılar həmçinin Səudiyyə Ərəbistanı məhkəməsinin demokratik aksiyalarda iştirak edən digər iki şiə gəncə qarşı ədalətsiz qərarını pisləyiblər.
Etirazçılar həmçinin İngiltərə hökumətinin Səudiyyə Ərəbistanında insan haqlarının pozulmasına dair təkrarlanan hallara göz yummasını utandırıcı adlandırıb və onu pisləyiblər.
Səudiyyə Ərəbistanında tanınmış siyasi məhbuslardan biri olan Şeyx Nimr Baqir əl-Nimr 2014-cü il 15 oktyabrda Ərəbistan hökumətini tənqid etmək ittihamı ilə edama məhkum olunub.
Şeyx Nimrin qardaşıoğlu Əli əl-Nimr də 2012-ci ildə 17 yaşında olarkən Ərəbistanın şərqində Qətif şəhərində hökumət əleyhinə aksiya repressiya edildiyi zaman həbs olunub.
Səudiyyə Ərəbistanının Apelyasiya və Ali Məhkəməsi 25 oktyabrda Şeyx Nimr Baqir əl-Nimrə çıxarılan edam qərarını təsdiqləyiblər.
Teqlər