Myanmanın qərbində Ruhingiya müsəlmanlarından minlərlə nəfər didərgin düşüb
-
Myanmanın qərbində Ruhingiya müsəlmanlarından minlərlə nəfər didərgin düşüb
BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisi bildirib ki, Myanmanın qərbindəki Raxin əyalətinin müsəlmanlarından təqribən otuz min nəfər oktyabr ayından bəri həmin vilayətdə kobudluqların davam etməsi nəticəsində öz yaşayış məkanından didərgin düşüb.
Press TV-nin məlumatına görə, BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisinin cümə günü yayılmış bəyanatına əsasən, təkcə noyabrın 12-si və 13-də Myanma ordusunun Raxin əyalətindəki zorakılıqlarının yeni dalğasının başlanması ilə Ruhingiya müsəlmanlarından on beş min nəfər evini tərk edib.
Myanma ordusu ötən həftələrdə Raxin əyalətindəki Ruhingiya müsəlmanlarına aid edilən "bu ölkənin Banqladeş ilə sərhəd postuna hücum" bəhanəsilə bu əyalətin bəzi hissələrini mühasirə edərək, məktəb və bazarları tətil elan edibdir.
Ruhingiya müsəlmanlar cəmiyyətinin bu hücumu pislədikləri bir halda, ifratçı buddist qüvvələr Ruhingiya müsəlmanlarının mənzillərini yandırır və onları qırğın edirlər ki, bu da regional və beynəlxalq dairələrin etirazlarına səbəb olubdur.
"Ruhingiya Arakan Milli Təşkilatı" adlı qrup da çərşənbə günü bildirib ki, ötən şənbədən bəri Raxin əyalətində azı 150 müsəlman öldürülüb.
Myanma dövləti bu ölkə əhalisinin 1,3 milyon nəfərdən çoxunu təşkil edən Ruhingiya müsəlmanlarının vətəndaş hüququnu rəsmən tanımayaraq, onları qanunsuz mühacirlər adlandırır və bildirir ki, onlar Banqladeş daxil olmaqla qonşu ölkələrdən həmin ölkəyə gəliblər.
Myanma müsəlmanları ötən dörd ildən çox bir müddətdə bu ölkə ordusunun geniş zorakılıqlarına rəğmən, Myanma hərbçilərinə qarşı silahlı addım atmayıblar.
BMT iyunun sonlarında bildirib ki, Myanmada Ruhingiya müsəlmanlarının hüquqlarının çoxlu sayda pozulması bəşəriyyətə qarşı cinayət sayıla bilər.