Lavrov: ABŞ-ın Suriyaya təcavüzü qəbuledilməzdir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar ertəsi günü Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon söhbətində ABŞ-ın heç bir əsası olmayan bəhanələr üzündən Suriyanın hava bazasına raket hücumu həyata keçirdiyini bildirib və deyib: ABŞ-ın bu təcavüzü qəbuledilməzdir.
İRNA-nın məlumatına görə, Lavrov həmçinin, Xan Şeyxunda baş vermiş kimyəvi hücum hadisəsi barədə beynəlxalq araşdırmaların aparılmasında Rusiyanın əzmkar olduğunu da vurğulayıb.
ABŞ-ın Donald Trampın prezidentliyi dövründə Suriyaya ilk birbaşa hərbi müdaxiləsi cümə günü səhər saatlarında Şəirat hava bazasına 59 raketin atılması ilə baş tutdu. Suriya ordusunun 2-ci ən iri hava bazası olan Şəirat hərbi hava bazası terrorizm ilə mübarizədə ən mühüm baza sayılır.
ABŞ bu raket hücumunu ötən həftə Xan Şeyxunda baş vermiş kimyəvi hücum hadisəsinə reaksiya olaraq həyata keçirdiyini iddia edir.
Ötən günlər ərzində terrorçuları himayə edən tərəflər Xan Şeyxun hadisəsinə görə Suriya dövlətinin məsuliyyət daşıdığını iddia etsələr də, Dəməşq bu iddiaları rədd edir.
Analitiklərin qənaətinə görə, Xan Şeyxun hadisəsinə görə Suriya dövlətinin ittiham edilməsi ümumi fikri Suriya olaylarının həqiqi mahiyyətindən yayındırmağa hesablanmış bir cəhd sayılır.
Suriya böhranı 2011-ci ildə terrorçuların Ərəbistan, Amerika və müttəfiqlərinin himayəsi ilə Suriyaya hücum etməsi ilə başlanıb. Əsas məqsəd isə Bəşşar Əsədi devirməkdir.