Apr 24, 2017 13:16 Asia/Baku
  • Fransa paytaxtında anti-faşizm aksiyası
    Fransa paytaxtında anti-faşizm aksiyası

Fransa paytaxtında prezident seçkilərinin ilk turundan sonra keçirilən aksiya polisin müdaxiləsi ilə insidentlə nəticələnib, iki aksiyaçı yaralanıb, üç nəfər saxlanılıb.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, 23 apreldə mötədil namizəd Emmanuel Makron və radikal sağçı namizəd Marin Lö Penin ikinci tura adlaması ilə nəticələnən Fransa prezident seçkilərinin ilk turu başa çatdıqdan sonra, anti-faşizm etirazçıları ilə polis arasında Parisdə insident baş verib.

Bəzilərinin üzlərini bağladığı və qara paltar geyindiyi etirazçılar polisə doğru butılka və pirotexniki vasitələr atıblar.

Etirazçılardan biri Fransa İnformasiya Agentliyi müxbirinə verdiyi müsahibədə Fransa prezident seçkilərini məzhəkəli teatr adlandırıb: Bütün əsas namizədlər, o cümlədən Emmanuel Makron, Fransua Fion və Marin Lö Pen sadəcə iqtidarı müsadirə edən, xalqın sərvətini oğurlayan və heç bir qanuniliyi olmayan azsaylı varlı kütlənin hakimiyyətini davam etdirməyə çalışırlar.

Fransız etirazçılar bütün gecəni Parisin şərqində polisin təqibində olub və "Hamı polisə nifrət edir!" şüarını səsləndiriblər.

Parisin 10-cu rayonunda 5 avtomobil də yandırılıb.

Fransanın Nant şəhərində də prezident seçkilərinin nəticələrindən qəzəblənən etirazçılar polis əməkdaşları ilə toqquşub və anti-üsyan polis bölgəni mühasirəyə alaraq aksiyanı yatırmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

23 apreldə keçirilən Fransa prezident seçkilərinin ilk turunun yekun nəticələrinə əsasən, müstəqil və mötədil namizəd Emmanuel Makron 23,75%, ondan sonra radikal sağçı namizəd Marin Lö Pen 21,53% səs toplayıb.

Fransada prezident seçkilərinin 2-ci turu 7 mayda keçiriləcək.

 

Teqlər