BMT: 14 milyon yəmənli aclıqdan əziyyət çəkir
-
BMT: 14 milyon yəmənli aclıqdan əziyyət çəkir
BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi çərşənbə günü Yəməndə yaşanan böhranın bir çox cəhətlərə malik olduğunu deyərək, 14 milyon insanın Yəməndə ərzaq qıtlığından əziyyət çəkdiyini bildirib.
İRNA-nın məlumatına görə, İsmayıl Vələd Şeyx Yəməndə vəziyyətin xeyli acınacaqlı olduğunu deyərək, mövcud böhran üçün yeganə mümkün həll yolunun siyasi həll yolu olduğunu bildirib.
Ərəbistan 2015-ci ilin martından ABŞ-ın dəstəyi ilə Yəmənə qarşı hərbi koalisiya yaradıb və bu ölkəni havadan, qurudan və dənizdən mühasirəyə alaraq, davamlı şəkildə bu ölkənin sivil infrastrukturlarına havadan zərbələr endirərək, ölkəni xarabalığa çevirib. Ali-Səud rejimi Yəməndə özünə sadiq fiqur olan Əbdürrəbbə Mənsur Hadini yenidən hakimiyyətə qaytarmaq bəhanəsi ilə bu ölkəni yaşanılmaz hala salıb.
Ərəbistanın hücumları indiyə kimi 12 000 nəfərin ölümünə, on minlərlə insanın yaralanmasına və milyonlarla insanın didərgin düşməsinə səbəb olub. Eyni zamanda Yəmənin mühasirədə saxlanılması və ölkəyə ən zəruri və ilkin ehtiyacların təmin edilməsi üçün hər hansı yardımın daxil olmasına icazə verilməməsi ölkədə vəba xəstəliyinin sürətlə yayılmasına və insanların aclıqdan tələf olmasına səbəb olub.