Yezidilər İŞİD qırğını qurbanlarını anıblar
Yunanıstanda yaşayan yezidilər İŞİD-in İraqın Səncar şəhərində yezidi azlığına qarşı genosidinin üçüncü ildönümünü qeyd ediblər.
Əlaləm telekanalının məlumatına görə, Yunanıstanda yaşayan yezidilər bu anım mərasimində iştirak edərək, 2014-cü ildə İŞİD terrorçuları tərəfindən Səncarda qətlə yetirilmiş şəxslər üçün matəm saxlayıblar. Onlar işidçilərin yezidi qız və qadınların başlarına gətirdikləri hadisələrə görə göz yaşları töküblər.
Yezidi qadınlardan biri deyir: O zaman Səncardan qaçdıq və dəniz yolu ilə özümüzü bura çatdırdıq. Bizim yeganə günahımız, yezidi olmağımız idi. İşidçilər qadınları zorlayır, kişiləri, uşaqları və qocaları isə öldürürdülər. Onlar uşaqların cəsədlərini anlarına hədiyyə edirdilər. Beynəlxalq təşkilatlardan bizə kömək etmələrini istəyirik.
Bəşəriyyətə qarşı cinayət, o cümlədən cinsi təcavüz və quldarlıq işidçilərin Səncardakı hərəkətləri idi. Onlar qadın və qızları asanlıqla əldə etmək üçün kişiləri öldürürdülər.
Yezidilərin dini liderlərindən olan Şeyx Nuri Şinqali deyir: Soyqırımından sonra digər işgəncələrlə üzləşdik. Bir çox yezidi öldürüldü. Avqustun üçü, yezidilərin tarixində qara bir gündür. Kişilərimiz öldürülüblər, qadınlarımız da təcavüzə məruz qalıblar ki, sonda öz diyarlarımızdan didərgin düşməyə məcbur olmuş olaq. Üç il bundan öncə belə bir gündə minlərlə yezidi uşaq öldürüldü. Qızlarımız təcavüzə məruz qaldılar. Qadınlarımız satışa çıxarıldı. Məgər biz hansı günahı işləmişdik ki, bu cür cəzalandırılmalıydıq? Dəlili nə idi ki, bizim soyqırımımıza icazə vermişdilər?
Yezidi qızlar və gənc yezidi qadınlar da o günlər barədə dəhşətli əhvalatlar danışırlar. Mərasim iştirakçıları özləri ilə qurban edilmiş qadınların təsvirlərini gətirmişdilər. Onlar qana boyanmış tablolar daşıyaraq, yezidilərin əsarətinə son qoyulması və onların əllərindən alınmış hüquqlarının qaytarılmasını istədilər.
İŞİD terrorçuları 2014-cü ilin avqustunda Səncar şəhərinə soxulduqdan sonra kişi və uşaqları öldürdülər, qadınları isə cinsi əsirliyə və quldarlığa götürdülər.