İyun 01, 2018 15:23 Asia/Baku
  • Avropa, Meksika və Kanada Amerikanı cəzalandıracaqlar
    Avropa, Meksika və Kanada Amerikanı cəzalandıracaqlar

ABŞ hökumətinin polad və alüminium idxalı üzrə gömrük rüsumlarını artırmasının ardınca Meksika və Kanada hökumətləri və Avropa Birliyi Ağ Evi kəskin tənqid edərək, cavab addımları atıblar.

Fransanın prezidenti Emmanuel Makron cümə axşamı günü gecə ABŞ prezidenti Donald Tramp ilə telefon söhbətində onun Avropa Birliyindən polad və alüminium idxalatına gömrük rüsumlarının tətbiq olunmasına dair qərarını qanunsuz adlandırıb və ona qətiyyətli və münasib bir cavabın veriləcəyindən xəbər veribdir.

Fransanın xarici işlər naziri Jan-İv Le Drian da bu haqda belə deyib: Amerikanın Avropa, Kanada və Meksikadan polad və alüminium idxalına tarifləri artırması qərarı rəhmsizcəsinə və qəbuledilməzdir.

Almaniyanın maliyyə naziri Ulaf Şultz da Amerika prezidentinin Avropa Birliyindən polad və alüminium idxalatına gömrük rüsumlarının tətbiq edilməsi qərarını tənqid edərək, onu beynəlxalq qanunlara qarşı atılan yanlış addım adlandırıbdır.

Belçikanın xarici işlər naziri Didiye Rinders Birləşmiş Ştatlar hökumətinin bu qərarını kəskin tənqid atəşinə tutaraq, bildirib ki, Avropa Amerikanın bu qərarına qarşılıqlı cavab verəcək.

Gözlənilir ki, Avropa bəzi məşhur amerikan brendlərə ağır rüsumlar tətbiq etsin ki, bu da Amerika şirkətləri üçün azı üç milyard 300 milyon dollarlıq xərcə səbəb olacaqdır.

Avropadan əlavə, cümə axşamı günü ABŞ hökumətinin tarifləri hədəfinə çevrilmiş Meksika və Kanada da cavab addımları atacaqlarını vəd ediblər.

Kanadanın baş naziri Castin Trüdo da bir mətbuat konfransında deyib: Amerikanın polad və alüminium tarifləri tamamilə qəbuledilməz olaraq, daim amerikalı hərbçilərlə yanaşı vuruşmuş və öldürülmüş minlərlə kanadalıya qarşı bir təhqirdir.

Castin Trüdo həmçinin son günlər həyata keçirilməli olan Trampla görüşdən imtina edibdir.

Meksika hökuməti də diqqətəlayiq bir addımda respublikaçılar partiyasının ABŞ konqresinə olacaq qarşıdakı seçkilərdə diqqət mərkəzinə aldığı seçki dairələrində yerləşən zavodların məhsullarını hədəfə alaraq, onların üzərində rüsum tətbiq etmək niyyətindədir.

Avropa ölkələri, Kanada və Meksika rəsmilərinin reaksiyalarından sonra Amerika mediaları da Ağ Evin metalların idxalatı üzərində rüsumların tətbiq edilməsi qərarını tənqid ediblər.

Blumberq informasiya kanalı bir reportajda Tramp tərəfindən başladılmış tarif savaşının nüvə anlaşması və İrana qarşı sanksiyalarla əlaqəsini araşdıraraq, əlavə edib: Amerika prezidenti ümid edir ki, İrana qarşı sanksiyalar və NATO büdcəsi üzrə payın artırılması sahəsində avropalı ölkəlrin həmkarlığını cəlb etmək istiqamətində bir təzyiq vasitəsi kimi metalların idxalı üzərinə rüsum tətbiq etmək hədəsindən istifadə edə biləcək.

Nyu-York Tayms qəzeti də yazır: Bəlkə də Amerikanın yeni ticarət siyasətlərinin qısamüddətli zərərləri və xərclərini idarə etmək mümkün olsun, amma bütün dünya ilə ticarət savaşının baş verməsinin potensial xərcləri bundan daha böyük olacaqdır.

Teqlər